Azərbaycan.- 2008.- ¹ 2. - S. 185-187.

 

FÜZULIŞÜNASLIQDA YENİ MƏRHƏLƏ

 

Nurlana ƏLİYEVA

 

Keçən əsrin otuzuncu illəri marksizm ideologiyası mövqeyindən  ədəbiyyat tariximizin yenidən yazılması dövrü idi. Bu tarixin əsas məzmunu olan anadilli klassikanın üzə çıxarılması və onun milli simasının araşdırılması proletkultçuluq kimi böyük maneəyə məruz qalmışdı: Marksist ədəbi metodunun tərəfdarları iyirminci illərin əvvəllərində klassik ədəbiyyatı "əski" ədəbiyyat, ərəb əlifbasını isə maarifə zidd elan etmişdilər. Lakin bu şəraitdə də yeni sovet ədəbi kadrları arasında klassik irsimizin mahiyyətini dərk edən, onun  əhəmiyyətini anlayanlar var idi.

"Kommunist", "Gənc işçi" qəzetlə­rində işləmiş, parlaq istedadı, aydın zəkası və özünəməxsus  yazı üslubu ilə seçilən  Mir Cəlal Paşayev aldığı təhsil baxımından  digər yeni kadrlardan o qədər fərqlənmirdi. Bununla belə, lap cavan vaxtından sovetləşməyə qoşulsa da, proletkultçuluğa qarşı soyuqqanlı idi. Zadəgan əsli, genetik yaddaşı onun milli keçmişimizə, mədəniyyətimizə  fitri bağlılığı üçün gözəl bir zəmin idi. Mir Cəlal  22-24 yaşlarında ifrat proletkultcular arasında işləyib yaşasa da, klassik irsimizi duyur və böyük məhəbbətlə  sevirdi.

Ona görə aspiranturada nədən yazmaq  məsələsi ortaya çıxanda Mir Cəlal  "Füzuli sənətkarlığı"  mövzusunu seçdi. Füzuli o zaman da marksizmə şübhə ilə baxan köhnə ziyalılığın bütü idi və indikindən heç də az populyar deyildi. İyirmi altı-iyirmi yeddi yaşlı Mir Cəlalın bu seçiminə həm təzə kadrlar, həm də köhnə kadrlar ağız büzdülər. Təzələr üçün Füzuli marksizmdən  çox uzaq bir şair idi;  köhnələr üçün isə "Kommunist" qəzeti işçisinin qaldıra bilməyəcəyi bir dağ. Amma Mir Cəlalın özü üçün bu mövzu hər iki tərəfin fövqünə qalxmaq, öz ağlının və mövqeyinin müstəqilliyini göstərmək imkanı idi. O, dövrünün öndə gedən yeni kadrlarından sayıla bilməzdi - çünki uzaqgörən və dərin idi. Köhnə ziyalılara da heç bir dəxli yox idi - çünki vəthi və əzbərçi deyildi.

Otuzuncu illərdə gənc bir bolşevik üçün hansısa məclisdə Füzulidən danışmaq çətin idi. Köhnələr onu, demək olar ki, müəmmalar müəllifi kimi tanımışdılar. Füzuli müasir elmə yad və yuxarıdan baxan adamların, islam təəssübkeşlərinin  elmilik simvolu idi. Şairin çətin beytlərindən müasir elmin, marksizmin boş bir şey olduğunu "sübut" üçün istifadə olunurdu. Amma Mir Cəlal Füzuli mövzusundan klassik irsin milli əhəmiyyətini yeni nəslə göstərməkçün yapışırdı. Proletkultçuların ifrat hay-küyündə anadilli klassik irsimizin misilsiz estetik əhəmiyyətini və xalqın mənəvi tarixində oynadığı rolu ortaya çıxarmaq lazım idi. O zaman  bu irsin tarixi ayrıca kitab və kurs kimi hələ yazılmamışdı. Bu kurs yalnız 1944-cü ildə kitab şəklində ortaya çıxdı. Bundan dörd il əvvəl, 1940-cı ildə Mir Cəlal Füzuli sənətkarlığı mövzusunda namizədlik dissertasiyasını artıq müdafiə etmişdi və monoqrafiyanın ilk nəşri işıq üzü də görmüşdü.

Beləliklə, “Mir Cəlalın bu əsəri müasir füzulişünaslığın təməl daşlarındandır” - desək, yanılmarıq, Mir Cəlal şair haqqında təzkirə qəliblərindən kənar bir təhlil usulu ilə bəhs aça bilmişdi.  Bunun üçün isə tədqiqatçıdan müasir elmi təfəkkür tələb olunurdu. Lakin təkcə bu yox. Həm də Fizuli mətnlərini yalnız möcüzə, ilahi nəğmə kimi deyil, dövrün məfkurə sənədi kimi oxumaq lazım idi. Və Mir Cəlal bunu edə bildi, Fizulini onun şeiriyyətinə  heyranlıqla  deyil,  zamanı ifadə edən diri mütəfəkkir fikrinə məhəbbətlə, bu fikrə heyrətamiz yaxınlıq və həssaslıqla oxudu. Ondan sonra Füzulinin dünyagörüşü, fəlsəfəsi barədə dəfələrlə yazılıb. Lakin heç kim şairin sehirli şeir dili arxasında onun şəxsiyyətini, zamanla tənha və məğrur dialoqunu oxuya və göstərə bilməyib. Şairin şeiriyyəti arxasında onun tənha taleyini duymaqda heç bir tədqiqatçı hələ Mir Cəlaldan irəli gedə bilməyib. Bəlkə bu onun yazıçılığı ilə bağlıdır?! Çox güman. Lakin bir şey şübhəsizdir: Mir  Cəlal Füzuli mətnlərini həm də bir bioqraf,  psixoloq, həssas bir insanşünas kimi oxuyub.

Ədibin yaratdığı yeni füzulişünaslığın əsasları belə idi. Onun əsərində Füzuli barədə mənbələrə aşkar bir laqeydlik vardır. Həm də bu şüurlu bir laqeydlik idi. Özünə qədər olan füzulişünaslığın məntiqi Mir Cəlal üçün gün kimi aydın idi. Bu məntiqin arxasında əsrlərcə tarixi olan bir heyrət dururdu.  Mir Cəlal bu heyrətin icindən çıxdı: bunun üçün şairin dahiliyi qarşısında tamam soyuqqanlı olmaq, onun mətnlərini yad, tanış olmayan bir adamın əlyazıları kimi oxumaq lazım idi. Mir Cəlal bunu anlamışdı və elə buna görə də özünə qədər olan füzulişünaslığı bir kənara qoyub, şairin əsərlərini müasir bir mütəfəkkirin, müasir bir yaradıcı adamın  gündəlikləri kimi oxumuşdu. Bu, Füzulinin öz mətnlərini oxuyaraq Füzuliyə tərəf getmək, onu anlamaq üsulu idi. Digər üsul da var idi: şair haqqında yazılanları oxuyaraq şairə tərəf gəlmək. Bu yarıplagiat və qeyri-yaradıcı bir yol idi. Ədəbi mətni insan və cəmiyyət haqqında sənəd kimi oxuya bilən yazıcı-alim üçün bu qəbuledilməz idi.

Füzulu irsinin milli ədəbi əhəmiyyətini açmaq  məqsədini qarşıya qoymaqla Mir Cəlal klassik ədəbiyyat tədqiqatçılarının çoxunu qabaqlayırdı. Lakin burada risk də vardı: hələ  60-ci illərə qədər klassik ədəbiyyata feodal ideologiyasının ədəbi məhsulu kimi baxanlar az deyildi. Odur ki, asanlıqla irticanı müdafiə edənlər siyahısına düşmək olardı.Lakin Mir Cəlalda fitri bir ölçü hissi həmişə güclü olub və Füzuli kimi mürəkkəb mövzunu araşdıranda da bu hiss onun karına gəldi. Böyük şairlə bağlı mədhiyyəçilik ən pis ənənə idi. Lakin Mir Cəlal əks qütbə - ucuz milli frazeologiyanın təkrarına da  getmədi. Amma əsas elmi işi yerinə yetirdi: Füzulinin şeir və nəsr dilinin  tarixi əhəmiyyətini və xələflərinə təsirini araşdırıb ortaya qoydu. Mir Cəlal hec yerdə şairin ancaq Azərbaycan xalqına məxsusluğundan danışmır, amma bütün monoqrafiya boyu şairin Azərbaycan dilində doğma dili kimi yazdığını konkret faktlarla xüsusi vurğulayır.

Mədhiyyə füzulişünaslığı ənənəsini qırmaq üçün Mir Cəlal şairin seir və sənət barədə estetik görüşlərini tədqiqata cəlb etdi. Aydın oldu ki, alim cox doğru bir istiqamət tapıb. Məlumdur ki, Füzuli, dövrünün mükəmməl savad görmüş qeyri-adi istedad sahiblərindən olmuşdur. Mir Cəlal şairin yaratdıqı mükəmməl lirika nəzəriyyəsini aydınladıb üzə çıxardı. Füzuli lirikadan, qəzəl formasından, ilk növbədə, yığcamlıq, aydınlıq tələb edirdi. Qəzəlin dili elə olmalıdır ki, onun oxunuşu da, yazıya alınıb yadda saxlanması da asan olsun. Bunun üçün şair şeir dilini yaxşı bilməli, fikrin yığcam və aydın ifadəsini öyrənməlidir. "Nəzmi-nazik" Füzuli leksikonunda müasir lirikanın qarşılığı idi. Füzuli şüurlu olaraq özünü türkcə zərif şeirin ustadı sayır,  bu dildəki lirikanın fars və digər dillərdəki mətnlərdən bədii cəhətdən zəif olmadığını əsaslandırırdı.

Füzuli sözə, qəzələ həsr etdiyi şeirlərində həm öz obrazını yaradır, həm də bir şair kimi türkdilli lirikada möcüzələr yaratdığını elan edirdi. O, sözlə möcüzə yaratmağa inanır və poeziyanın əsil məqsədini belə möcüzələr yaratmaqda görürdi. Cünki bədii söz möcüzəyə çevriləndə, adi sözlər dünyanın qeyri-adiliyini göstərəndə sənətin və sənətkarın həqiqi qüdrəti insanlara bəlli olur. Nəsiminin ardınca Füzuli də sözü  dirilik, əbədilik və Allah mənalarını verən "can"  termini ilə təqdim edir.Çünki Allahın sifətlərini təsvirə qabil olan sözdür, Qiyamət günü ölüləri dirildəcək qüdrət - yenə sözdür.

 

Sözdür gövhəri-xəzineyi dil, 

Izhari-sifati-zatə qabil. 

 Can sözdür əgər bilirsə insan, 

Sözdür ki, deyirlər özgədir can. 

Vallah bu yamanmıdır ki, hala 

Əmvatı söz ilə qıldın əhya!

 

Füzuli şeirin elmiliyi ilə bağlı məşhur tezislərini irəli sürməklə  şair və yaradıcı şəxsiyyətin qeyri-adiliyini əsaslandırırdı və deyirdi ki,  şair Allahdan da, insandan da yazanda elmli olmalıdır, müasirlərindən bir baş savadlı, bir baş duyğulu və bir baş səmimi olmalıdır.

Əlbəttə, Füzuli islam dünyagörüşü ilə qırılmaz surətdə bağlıdır. Lakin şairin estetik görüşlərinin araşdırılması göstərdi ki, Füzuli həm də poeziya qanunlarını bilən və bununla fəxr edən böyük bir poeziya nəzəriyyəçisidir. O, etiqadlı müsəlman kimi nə qədər  böyükdürsə, bir söz ustası, bir şair kimi, anadilli şeir ənənəsinin davamçısı,  təkmilləşdiricisi kimi də o qədər böyükdür. Mir Cəlal ilk dəfə olaraq Füzuli sənətkarlığını şərh etmək üçün onun şairliyə bir sənət kimi münasibətini araşdırır və onun sözə münasibət prinsiplərini üzə çıxarırdı. Məhz bu prinsiplər bütün ifrat sosioloji təhlillərdən daha artıq  və daha əsaslı surətdə şair haqqında böyük bir lirika ustası kimi danışmağın əsaslı olduğunu aşkar edirdi. Əlbəttə, Mir Cəlal heç yerdə  Füzulinin bir müsəlman və Allah aşiqi olmasını inkar etmir və şübhə altına almırdı.

Alimin bu münasibəti yeganə düzgün və müasir füzulişünaslığı böhrandan çıxaran yol idi. Füzulinin dinə bağlılığını inkar etmək - füzulişünaslığı yanlış və perspektivsiz bir istiqamətə yönəldirdi. Heç bir şairin əqidəsini təhrif etməklə, gözdən salmaqla onu doğri təqdim etmək və sevdirmək olmaz. Özü qələm sahibi, istedadlı bir yazıçı olan Mir Cəlal üçün bu, gün kimi aydın bir məsələ idi.Ona görə də ədib öz tədqiqatının əsas xəttini Füzulinin şairlik sənətinə yönəltdi və bunu iki istiqamətdə etdi.

Bir tərəfdən, Mir Cəlal  böyük şairin özündən əvvəlki anadilli poeziya irsimizlə, xüsusilə Nəsimi, Xətai, Həbibi poeziyasının inciləri ilə bağlarını üzə çıxarmağa çalışırdı. Bu təşəbbüslərdə də məqsəd klassik irsə bədii yaradıcılıq kimi, söz sənəti kimi, ana dilimizin poetik imkanlarının genişlənməsi yolu kimi yanaşma  idi. Mir Cəlal Füzuli dilindən fəlsəfə və hikmət kimi yox, öz doğma xalqının misilsiz yaddaşı və bədii aləti kimi danışırdı. Nəticədə, şair ana dilimizin estetik və bədii imkanlarını məharətlə nümayiş etdirən bir  sənətkar kimi qarşımızda dururdu.

Lakin Mir Cəlal bununla da məhdudlaşmır, Xaqani, Nizami kimi klassiklərlə Füzuli irsi arasındakı bağları da arayıb axtarırdı. Alim gözəl başa düşürdü ki, farsdilli irsimizi çıxdaş etməklə, ədəbiyyat və mənəviyyat tariximizin mənzərəsini yoxsullaşdırmış olarıq. 30-cu illər şəraitində,  ədəbiyyat tarixinin hazırlanması üzərində gərgin işlərin getdiyi bir vaxtda belə mövqeyin  metodoloji əhəmiyyəti çox böyük idi.

Digər tərəfdən, Füzuli yaradıcılığının özündən sonraki anadilli poeziyaya təsiri üzə çıxırdı. Füzulinin sənətkarlığını və şairlik qüdrətini onun dini əqidəsindən asılı olamayaraq araşdırmaq üçün bu, çox düzgün elmi istiqamət idi. Məlum olduğu kimi, otuzuncu illərdə Füzuli təsirinə ikili münasibət var idi. Bu münasibətin bir kökü böyük  Mirzə Fətəlinin Füzuli haqqında dediyi tənqidlərdə idi. Bəlkə də Füzulidən sonra baş alıb gedən təqlidçiliyin ədəbi prinsip səviyyəsinə qalxmasında Füzulinin də günahını görmək olar. Amma bu, günahdan cox, obyektiv bir hadisə idi. M.F. Axundov bizim üçün nə qədər əziz olsa da, deməliyik ki, təqlidçiliyin miqyas almasında Füzulini günahlandırmaq düzgün deyil. Füzuli dahidir. Onu buna görə günahlandırmaq bütün hallarda böyük şairin ünvanına irad yox, tərif mənası daşıyacaq.

Füzuli-Axundov münasibətlərinə aydınlıq gətirmək istəyən C.Cabbarlı deyirdi ki, Axundov müasir ədəbiyyatı yaratmaq və ona yol açmaq üçün  Füzuli bütünü aradan qaldırmalı, onu ədəbiyyatın əsas və müasir yolundan  kənara sıxışdırmalı idi. Bu mübahisələrdən xəbərdar olan Mir Cəlal dahilərin münasibətlərinə qarışmaq fikrindən uzaq idi. Lakin Füzulinin sənətkarlığını, onun şeirinin bədii xüsusiyyətlərini aşkarlayanda o, istər-istəməz Füzuli irsinin özündən sonrakı poeziyaya pozitiv təsirini üzə çıxarmış olurdu. Bunun da əhəmiyəti böyük idi: çünki Füzulinin şeir dilinin tədqiqi bütün hallarda klassik dövrdə ədəbi dilimizin inkişafı kimi fundamental bir mövzuya gedib çıxır.

Mir Cəlal Füzuli dilinin vurğunu idi. Əsərində gətirdiyi misallara baxdıqca, kitabı vərəqlədikcə, alimin Füzuli divanını əzbər bildiyi qənaətinə gəlirsən. Alim şairin misilsiz türk sintaksisini xüsusi məhəbbətlə araşdırır və təqdim edir. Şairdə ərəb və fars sözləri çoxdur. Amma bu sözləri anlayandan sonra şairin misralarındaki sintaktik elastikliyə, yığcamlığa,  intonasiya ilə mənaları ifadə etmək ustalığına heyran qalırsan. Bunun üçün şair məhz ana dilimizdə dil açmalı, bu dilin ana təbiətini bilməli idi. Mir Cəlal şairin hər bir qəzəlində ana dilimizin poetik imkanlarının hüdüdsuzluğunu duyur və bunu oxucuya da çatdırmağa şalışırdı. Şairin dilindəki yığcamlıq, elastiklik, iki, üç sözlə dərin fikirləri ifadə etmək ustalığı Mir Cəlalın öz bədii  dilinə də təsirsiz qalmamışdı.

Fizuli dili Mir Cəlal üçün ədəbi məktəb və möcüzə idi. Amma bundan daha cox, bu dil  özü ifadə gücü ilə böyük və kiçik, zəngin və yoxsul, cavan və qoca ədəbi dillər haqqında qeyri-bərabər təsəvvürləri alt-üst edirdi. Həqiqi, böyük istedad və ilham olanda, bütün dillərdə bədii dil möcüzələri yarana bilir. Füzuli bunun canlı təcəssümü idi və Azərbaycan dilinin fars və rus dilləri ilə müqayisədə mövqeyi barədə bədbin kompleksləri aradan götürürdü. Bu da sovet illərində ədəbiyyatımızın sürətli inkişafı üçün gərəkli olan nəticələrdən biri idi.

Məhz bu nəticələr Füzuli irsinin müasirliyini, onun müasir poeziya və nəsrimizin inkişafında iştirakını təsdiqləyirdi.

XX əsrin 60-70-ci illərində Füzuli irsinin poeziyamıza təsiri yeni qüvvə ilə üzə çıxdı: onun dili, onun sənət dərsləri B. Vahabzadə və digər şairlərimizin poetik axtarılşlarına dərinlik və poetik vüsət bəxş edən bir amilə çevrildi. Məlum oldu ki, şairin böyük, təmiz, haqqa bağlı əqidəsi olmalıdır.  Əsil poeziya yalnız bu zaman yaranır.

Lakin bunlar hamısı Mir Cəlalın “Füzuli sənətkarlığı” mövzusu üzərində işlədiyi vaxtdan otuz il sonraya aiddir. Onun əsəri yazılanda isə, Füzulinin hələ heç tənqidi mətni ortaya çıxarılmamışdı. Odur ki, Mir Cəlal bir alim, bir mətn araşdırıcısı kimi Füzulini əlyazma nüsxələrini oxumaqla tədqiq etmişdi. O, klassik ədəbiyyatımızı, o  cümlədən də Füzuli poeziyasını ilk mənbələrdən oxuyub  müasir ədəbiyyatşünaslıq  prizmasından tədqiq edən ilk alimlərimizdən idi.  Mir Cəlalın “Füzuli sənətkarlığı” əsəri, sözsüz ki, Füzulişünaslığımıza qiymətli bir töhfədir və bu gün də öz dəyərini itirməmişdir.