Dövlət İdarəçiliyi.- 2008.- 4. S. 171-176.

 

ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMLANMASINDA İSLAM KONFRANSI TƏŞKİLATININ MÖVQEYİ

 

 

AQİL ƏHMƏDOV

Azərbaycan Milli Elmlər Akademiyasının aspirantı

 

Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik.

Heydər Əliyev

 

Azərbaycan Respublikası 1991-ci ilin 18 oktyabrında daimi müstəqilliyini elan etdikdən sonra, dərhal həmin ilin 8 dekabr tarixindən İslam Konfransı Təşkilatının (İKT) tam hüquqlu üzvü seçilir [1]. Həm də Azərbaycan Respublikası İKT-yə üzv olmaq üçün keçmiş SSRİ məkanında ilk olaraq təşkilata müraciət etmişdir. İKT-yə üzvlükdən təxminən üç ay sonra, 1992-ci ilin mart ayında İKT-nin zamankı baş katibi Həmid əl-Qabid öz müavini Məhəmməd Möhsinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizə göndərmişdir. Səfərdə məqsəd Azərbaycandakı ictimai-siyasi vəziyyətlə tanış olmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanlarını öyrənmək idi. Nümayəndə heyəti geri döndükdən sonra, 1992-ci il martın 31-də İKT baş katibi Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat verdi. O, tərəfləri atəşi dayandırmağa, üzv dövlətləri və humanitar təşkilatları Dağlıq Qarabağın müsəlman icmasına yardım göstərməyə çağırdı. Bu bəyanat 1992-ci il aprelin 1-də bütün dünyaya yayıldı [2, s.530]. Qeyd olunan bəyanat nəticə etibarı ilə İKT-nin Azərbaycan Respublikasının haqq işini dəstəkləməsi yolunda böyük səmərə verdi ki, bununla İKT dünya ictimaiyyətinin diqqətini mövcud münaqişənin nizamlanması probleminə yönəltmiş oldu. İKT ilə mövcud imkanlardan dövlət-xalq naminə yararlanma isə müstəqil və müasir Azərbaycanın qurucusu, həm də memarı Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu baxımdan Kasablanka Zirvə toplantısından Bakıya qayıdarkən, təyyarədə jurnalistlərə açıqlama verən cənab Heydər Əliyevin müsahibəsində maraq doğuran bir çox məqamlar vardır: "Ötən üç ildə Azərbaycan İKT ilə müəyyən əməkdaşlıq etsə də, bu çox da səmərəli olmayıb. Ona görə də VII zirvə toplantısında Azərbaycanın dövlət başçısı səviyyəsində iştirak etməsi, şübhəsiz Azərbaycan Respublikasının beynəlxalq aləmdəki vəziyyəti və xarici siyasəti ilə əlaqədar böyük hadisədir. Eləcə də bu toplantının birinci hissəsində mənə söz verilməsi və çıxışımın böyük diqqətlə dinlənilməsi, bir çox dövlət başçılarının bu çıxış barədə müsbət rəyi, çıxışımın doğurduğu əks-səda onu göstərir ki, artıq Azərbaycan Respublikası özünə layiq olan yeri tutubdur... Bu toplantıda həm gördüyümüz iş, həm mənim çıxışım, həm qətnamələr, həm də dövlət başçıları ilə ikitərəfli görüşlərimiz, toplantının fasilələrində keçirdiyimiz görüşlər və apardığımız söhbətlər Azərbaycanı islam dövlətlərinin, demək olar hamısına tanıtdı" [2, s.531-532].

İKT ölkələri XİN-nin 1993-cü ilin aprel ayında Kəraçidə keçirilmiş XXI konfransı, 1994-cü ilin sentyabr ayında İslamabadda keçirilmiş VII növbədənkənar konfransı, 1994-cü ilin dekabr ayında Kasablankada keçirilmiş XXII konfransı, 1996-cı ilin dekabrında Cakartada keçirilmiş XXIII konfransı İKT Baş Katibinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə məruzəsini müzakirə edərək, onu Ermənistanın Azərbaycana təcavüzü kimi kəskin surətdə pisləmiş, erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından təcili surətdə çıxarılmasını, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi Ermənistandan ciddi surətdə tələb etmişdir. 1994-cü ilin dekabr ayında Mərakeş Krallığının Kasablanka şəhərində keçirilmiş VII Zirvə konfransı Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü ilə əlaqədar qətnamə qəbul etmişdir. Qətnamədə Ermənistanın Azərbaycan Respublikasına təcavüzü hərtərəfli əks etdirilmiş və Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, qaçqınların öz yurdlarına qayıtması məsələsi qoyulmuşdu. Şuşa və Laçın rayonlarının azad edilməsi problemi də konkret surətdə göstərilmişdi [3, s.6]. 1994-cü ildə Ermənistan-Azərbaycan münaqişəsinin ilk dəfə İKT-nin BMT ilə əməkdaşlığı üzrə problemlər siyahısına salınması da respublikamız üçün mühüm əhəmiyyət kəsb edir. Bu kimi siyahılar İKT Baş Katibliyi tərəfindən hər il BMT-yə təqdim edilir. 1996-cı ilin oktyabr ayında, zaman Ciddədə İKT XİN-nin Cakartada keçiriləcək XXIV konfransına hazırlıq məqsədi ilə keçirilən yüksək rütbəli məmurlar toplantısında isə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirinin bilavasitə şəxsi təşəbbüsü ilə ilk dəfə olaraq, İKT-nin Ermənistan-Azərbaycan münaqişəsi üzrə 1993-cü ildən etibarən qəbul etdiyi qətnamələrin adı dəyişdirilərək, "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münaqişə haqqında qətnamə" əvəzinə, "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında qətnamə " adlandırılmağa başlandı [3, s.7]. Qətnamənin adının dəyişdirilərək erməni qəsbkarlarının ifşa olunması Azərbaycan diplomatiyasının bu mövzuda nə qədər həssas davrandığını göstərməklə həm də bu yolda hələ çox qələbələrə imza atacaqlarına inanmağa əsas verirdi. İKT XİN-nin XXIV konfransı Ermənistanın təcavüzü ilə əlaqədar siyasi və iqtisadi qətnamələr qəbul etməklə yanaşı, özünün yekun bəyanatında ATƏT-in dövlət və hökumət başçılarının Lissabon zirvə görüşünün sənədlərinə daxil edilmiş ATƏT-in hazırkı sədrinin Dağlıq Qarabağ probleminin həlli üzrə 3 dekabr 1996-cı il tarixli Bəyanatını dəstəklədiyini bildirmişdi [3, s.8].

9-11 dekabr 1997-ci il tarixlərində Tehranda keçirilmiş İKT dövlət və hökumət başçılarının VIII Zirvə konfransı "ölkənin tarixi üçün belə çətin və böhranlı vaxtda", Ermənistan Respublikasının Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinin işğalı və bir milyonadək əhalisinin zorla qovulması ilə müşayiət olunan əməllərini pisləyərək, Azərbaycan hökuməti və xalqı ilə tam həmrəylik ifadə edərək, İslam Konfransı Təşkilatına üzv dövlətlərə, islam qurumlarına və eləcə də beynəlxalq qurumlara müraciət edərək, Azərbaycana lazımi iqtisadi, maliyyə və humanitar yardım göstərilməsi haqqında da qərar qəbul etmişdir [3, s.8-10]. Qeyd olunan tarixdə keçirilən İKT Zirvəsi Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyət kəsb edirdi. Bu müddət ərzində həm də Azərbaycan prezidentinin üzv dövlətlərin başçıları və diplomatik nümayəndələri, eyni zamanda üzv ölkələrin kütləvi informasiya vasitələrinə verilən müsahibələrdən də aydın oldu ki, respublikamızın tanınması istiqamətində məhsuldar görüşlər keçirilmişdir. İKT-nin zamankı baş katibi İzzədin İraqi H. Əliyev ilə görüşündən sonra jurnalistlərin suallarına cavab verərək qeyd etmişdir: "...Mən cənab prezidenti əmin etdim ki, İKT həmişə Azərbaycanın tərəfində olmuş və bundan sonra da olacaqdır. Mən cənab prezidenti həmçinin əmin etdim ki, bizim dəyişməz mövqeyimiz Azərbaycan torpaqlarının işğaldan tamamilə azad edilməsidir...." [3, s. 10-11]. Çox təbiidir ki, siyasi-diplomatik uğurların arxasında dərin zəka və siyasi səriştə durmaqdadır ki, baş katib Azərbaycanın belə üstünlüklərə malik prezidentinin olmasını mövcud problemin həll olunmasında son dərəcə əhəmiyyət kəsb etdiyini xüsusilə vurğulamışdır.

2006-cı ilin 19-21 iyun tarixlərində Azərbaycan Respublikası İKT XİN-nin XXXIII konfransına ev sahibliyi etdi [4, s.4]. Bu tədbir İKT çərçivəsində Azərbaycanda keçirilən ilk mötəbər konfrans idi. Baş tutan toplantıda bütün müsəlman ölkələrinin xarici siyasət idarələrinin başçıları, diplomatlar, müşahidəçi qismində dəvət olunan qonaqlar və s. siyasi təşkilat nümayəndələri də iştirak etmişdir. Azərbaycan Respublikası keçirilən yüksək səviyyəli tədbirdən düzgün və bacarıqla yararlana bildi. Çünki konfransda bizim tərəfdən əsas xətt olaraq Dağlıq Qarabağ probleminin həlli məsələsi konfrans boyu səsləndi və bütün diqqət mövcud münaqişənin həlli istiqamətinə yönəldildi ki, dünya ictimaiyyəti bu məsələ ilə əlaqədar yeni sənədlərlə tanış oldu. İKT sammitinin gedişində "Azərbaycan tükənməz yol" adlı sənədli filmi nümayiş etdirildi ki, orada ölkənin tarixi və mədəniyyətindən danışılır. Xüsusilə vacib məqam odur ki, həmin lentdə Dağlıq Qarabağda daxil olmaqla, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məhv etdikləri tarixi abidələr öz əksini tapdı. Azərbaycanın xarici işlər naziri öz həmkarlarına, həmçinin, Azərbaycanın işğal olunmuş rayonlarının sputnikdən çəkilmiş videogörüntülərini nümayiş etdirdi. Bunun nəticəsində İKT-nin Baş Katibi Ekmələddin İhsanoğlu bəyan etdi ki, o, BMT-nin Baş Katibi Kofi Annana müraciət edəcək, Azərbaycanın işğal olunmuş ərazilərində flora və faunanın məhvinin yolverilməz olduğunu bildirəcək [4, s.5]. Məlum olduğu kimi bu görüntülərin konfrans iştirakçılarına göstərilməsi daha bir uğurlu addımın atılması idi və üzv, eyni zamanda da digər dövlətlərin bundan Azərbaycanın xeyrinə lazımi nəticə çıxaracağına inamımızı daha da artırmış oldu. İKT XİN-inin XXXIII Bakı sessiyasında qəbul edilmiş bəyannamədə isə Ermənistandan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından "dərhal, qəti şəkildə və qeyd-şərtsiz " çıxarmaq tələb olundu [5]. Konfransın yekun sənədində bu problemin öz əksini tapması xüsusi əhəmiyyəti ilə seçildi və Bakı Bəyannaməsinin qəbul olunması ilə yekunlaşdı.

2006-cı ilin 3 sentyabr tarixində isə İstanbulda İKT-nin əməkdaşlıq və dialoq uğrunda gənclər forumunun daimi qərargahının açılışı mərasimi keçirildi. Yüksək səviyyəli tədbirdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev hamının diqqətini yenə də mövcud problemə istiqamətləndirmişdi. "...Azərbaycan uzun illərdir ki, Ermənistan tərəfindən təcavüzə məruz qalmışdır. İşğal olunmuş torpaqlarda bizim bütün tarixi abidələrimiz dağıdılıbdır.... Mən böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, artıq qısa müddət ərzində Gənclər Forumunun təşəbbüsü ilə Qarabağ münaqişəsinə dair kitab çapdan çıxmışdır və ilk dəfə olaraq ərəb dilinə də tərcümə edilmişdir. Yəni bu onu göstərir ki, Forumun fəaliyyəti artıq praktik nəticələrə gətirir....." [6]. "Qarabağ faktlar, nəticələr" adlı bu kitab bütün dünya kitabxanalarına bağışlanmışdır.

İKT üzvü olan ölkələrin Turizm Nazirlərinin V konfransı 2006-cı il sentyabrın 12-də Respublikamızda keçirilmişdir. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirmişdir ki, bəyannamənin mətninə ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarında təbii ehtiyatları talaması, mədəniyyət və tarix abidələrini dağıtması, yanğınlar törətməsi, habelə Ermənistan ərazisindəki islam mədəniyyət və tarix abidələrini məhv etməsi kimi əməllərini qətiyyətlə pisləyən bənd salınmışdır. Nazir bu sənədin belə redaksiyada qəbul edilməsini dünya turizm sənayesinin erməni faşizminin əsil niyyətlərini açıb göstərən ciddi çağırışı kimi qiymətləndirmişdir [7]. Ermənilərin Azərbaycan işğal olunmuş rayonlarında milli sərvətlərimizi kütləvi şəkildə talamasını İKT xaricində başqa bir beynəlxalq siyasi qurumun ciddi tənqid etməməsi problemi hələ də dondurulmuş vəziyyətdə saxlamaqdadır. İKT 2007-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasında "prezident seçkilərinin" keçirilməsi ilə bağlı bəyanat yayaraq ermənilərdən siyasi şou sərgiləməyi dayandırmağı tələb etmişdir. Bəyanatda deyilir: "Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma "prezident seçkiləri" beynəlxalq hüquq normalarının və prinsiplərinin kobud şəkildə pozulmasıdır, davam edən sülh danışıqlarına əngəl törədir. Bu səbəbdən seçki və onun nəticələri heç bir hüquqi qüvvəyə malik deyildir". İKT XİN-nin XXXIV sessiyasında qəbul olunmuş İslamabad Bəyannaməsində təsbit edildiyi kimi, İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə pisləyir və Ermənistanın işğalçı qüvvələri tərəfindən zəbt olunmuş Azərbaycan torpaqlarının tamamilə və qeyd-şərtsiz azad olunmasını tələb edir [8]. Bütün hallarda zaman Azərbaycanın tərəfinə işləyir, ermənilərin nümayiş etdirdikləri bu oyunlar isə bir mənalı olaraq beynəlxalq siyasi qurumlarda narahatlıq doğurmuş və heç bir hüquqi əsası olmayan qondarma respublikada seçki keçirilməsinin yol verilməz olduğu bir daha siyasi təşkilatlar tərəfindən qeyd edilmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin bir qrup millət vəkili 2008-ci il yanvar ayının 27-dən 31-ə dək Misirin paytaxtı Qahirədə təşkil olunan İKT Parlament İttifaqın V konfransında iştirak edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əks etdirən materialları konfrans iştirakçılarına paylamışlar ki, bu yolda "informasiya faktoru"ndan uğurla istifadə olunmuşdur. Aparılan məqsədyönlü iş nəticəsində İKT Pİ-nın qəbul etdiyi yekun sənədə Dağlıq Qarabağ ilə əlaqədar 2 maddə əlavə edilmişdir. Konfrans iştirakçıları Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsini, Azərbaycanın zəbt olunmuş Dağlıq Qarabağ və digər ərazilərində tarixi-mədəniyyət abidələrinin dağıdılmasına son qoyulmasını tələb edən maddələrə yekdilliklə səs vermişlər [9]. İnformasiya mübarizəsində də uduzan ermənilər gec-tez işğal etdikləri əraziləri boşaldacaqlarına əmindirlər. Bundan sui-istifadə edərək onlar qəsb etdikləri Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrini (kitabxana, məktəb, məscid, türbə və s.) məhv edir və hələ bu azmış kimi də meşələrə od vurmaqla bu ərazilərin zəngin flora-faunasına da təcavüz etmiş sayılırlar. Bu baxımdan Qahirə konfransının Azərbaycanın zəbt olunmuş torpaqlarındakı vəziyyət ilə bağlı qəbul etdiyi qərarlar yerində və düzgün şəkildə təsbit edilərək üzv dövlətlər tərəfindən dəstəklənmişdir.

Daha bir toplantı, 2008-ci ilin 14 mart tarixində Seneqalın paytaxtı Dakarda İKT XİN-nin konfransı keçirildi. Azərbaycanın XİN Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycana verdiyi dəstəyə görə İKT ölkələrinə təşəkkürünü bildirib. Cənab nazir BMT-nin plenar sessiyasında "Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair" adlı qətnamənin qəbulu ilə bağlı səsvermə keçiriləcəyini bildirib: "Mən bütün İslam Konfransı Təşkilatı ölkələrini bu Qətnamə layihəsinə səs verməyə çağırıram. Sizin dəstəyiniz Azərbaycana münasibətdə İslam həmrəyliyi və qardaşlıq münasibətinin təcəssümü olacaq". Öz çıxışında Azərbaycanın İKT-nin fəaliyyətinə verdiyi töhfələrə toxunan E. Məmmədyarov sammit iştirakçılarını qurumun Bakıda keçirilən İKT XİN-nin görüşü barədə məlumatlandırıb [10]. Dakar konfransı Azərbaycanın haqq işinin dəstəklənməsi yolunda daha bir uğurlu addım olaraq qiymətləndirilir. İndi artıq İKT-yə üzv olan bütün ölkələr Azərbaycanın işğal altında tutulan əraziləri ilə bağlı Ermənistan Respublikasına qarşı barışmaz mövqe tutmaqdadırlar ki, bu informasiyanın əsaslı şəkildə daha da gücləndirilərək növbəti toplantılarda problemin həlli ilə əlaqədar yeni diplomatik yollara baş vurulmalıdır. Radikal millətçilikdən uzaq olaraq İKT-nin Azərbaycan və eləcə də digər üzv dövlətlərin torpaqlarına təcavüz etmiş qəsbkarlara qarşı mübarizədə həmrəylik nümayiş etdirməsi, bu yönümlə ümumislam problemlərinin həllinə yalnız təkan vermiş olacaqdır.

 

Ədəbiyyat

 

1. 45 üstəgəl Azərbaycan. //"Həyat" qəzeti, 250, 25 dekabr, 1991.

2. Həsənov Ə. Müasir Beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, Azərbaycan nəş., 2005.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi: AR-nın Səudiyyə Ərəbistanın Krallığındakı səfirliyi. //AR-nın İKT ilə əməkdaşlığı (arayış və sənədlər), Ər-riyad, 2000.

4. Xalturina İ. Dini masanın cəngavərləri, "Region plus" jurnalı, 9 (9), 1 iyul, 2006.

5. Azərbaycan İKT-yə bir il sədrlik edəcək. //"Xalq Cəbhəsi" qəzeti, 113 (1100), 1-3 iyul, 2006.

6. İKT-nin üzvü olan ölkələrin gəncləri dünyada gedən mütərəqqi proseslərdə fəal iştirak etməlidirlər. // "Respublikası" qəzeti, 199 (2744), 5 sentyabr, 2006, s. 1.

7. İslam ölkələrinin turizm sahəsində əməkdaşlığının genişlənməsi Azərbaycanın dünyaya daha yaxından tanıdılması üçün də yeni imkanlar açacaqdır. //"Respublika" qəzeti, 206 (2751), 13 sentyabr, 2006.

8. İKT Dağlıq Qarabağda "prezident seçkiləri" ilə bağlı bəyanat yaymışdır. //www.respublicanews.az

9. İKT-nin Parlament İttifaqı Azərbaycanla bağlı mühüm sənədlər qəbul etmişdir. //"Respublika" qəzeti, 024 (3159), 2 fevral, 2008.

10. Rəsmi Bakı İslam ölkələrini Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair qətnaməyə səs verməyə çağırıb. //"Yeni Azərbaycan" qəzeti, 049 (2737), 15 mart, 2008.