Nəqliyyat hüququ.- 2008. 3. S. 125-129.

 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN NEFT SİYASƏTİ

 

Son yüz əlli ildə Azərbaycanın neft sənayesi iqtisadiyyatda özünün xüsusi çəkisinə və əhəmiyyətinə görə mühüm yer tutmuşdur. Azərbaycanın çoxsahəli iqtisadiyyatı həmişə - böyük imkanları olan neft sənayesinə arxalanmış, ondan bəhrələnmişdir. Azərbaycan dünyanın ən qədim neft ölkəsidir. Dünyada üç min il bundan əvvəl azərbaycanlılar neft haqqında ilk məlumat almış, ilk dəfə 1848-ci ildə sənaye üsulu ilə quruda neft quyusu qazmış, 1949-cu ildə "Neft daşları" ya-tağında dənizdən neft istehsal etməyə başlamışlar.

 

XIX əsrin əvvəllərində Azərbaycan dünyada çıxan neftin 50 faizini, Rusiyada istehsal edilən neftin isə 90 faizini verirdi. Lakin sonrakı illərdə xarici şirkətlərin rəqabəti, düşmən qüvvələrin yaratdıqları təxribatlar və Birinci Dünya müharibəsinin başlanması, Azərbaycanda istehsal edilən neftin həcminin azalmasına səbəb olmuşdu. Azərbaycan 1901-ci ildə 10,8 milyon ton, 1913-cü ildə 7,4 milyon ton, 1917-ci ilə 5,7 milyon ton neft istehsal edirdisə? 1920-ci ildə hasilat 4,5 milyon tona qədər azalmışdı.

Neft zəngin yanacaq və gəlir mənbəyi olduğu üçün Azərbaycan həmişə böyük dövlətlərin maraq mərkəzində dayanmışdır. Bu marağın nəticəsində ötən əsrin əvvəllərində xarici ölkələrin Azərbaycana hərbi müdaxilə təhlükəsinin və imperiya təzyiqlərinin güclənməsi iqtisadiyyatın dağılmasına, neft mədənlərinin talan edilməsinə səbəb olmuş, bu da hasilatın azalmasına gətirib çıxarmışdı. Bolşevik rejiminin güclü təzyiqi nəticəsində neft və neft məhsulları xaricə daşınır, mənimsənilirdi. 1918-ci ilin altı ayı ərzində Azərbaycandan Rusiyaya 1,5 milyon ton neft və neft məhsulları, 20 min pud benzin, 3500 pud sürtgü yağı aparılmışdı.

Azərbaycan neftinin bütünlüklə mənimsənilməsi üçün Bakı Sovetinin 19 mart 1918-ci ildə təsis etdiyi Bakı neft komitəsi neft sənayesini və onun satışını dövlətin nəzarətinə götürdü. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gün RSFSR Xalq Komissarlar Sovetinin neft təsərrüfatının ümumxalq mülkiyyəti elan edilməsi haqqında imzaladığı dekretə uyğun olaraq Bakı Xalq Komissarlar Soveti 2 iyun 1918-ci ildə neft sənayesinin milliləşdirilməsi barədə dekret qəbul etdi. Həmin dekretə əsasən bütün neft müəssisələri mülkiyyətçilərdən alınıb xalq təsərrüfatı şurasının tabeliyinə verildi və Bakı nefti bütünlüklə qonşu dövlətin əlinə keçdi.

Dekretə qədər neft sənayesi sənayesində fəaliyyət göstərən 250 şirkətin 45-i quyuların qazılması, 25-i isə neftin emalı ilə məşğul olurdu. Şirkətlərin tabeliyində olan 100 xüsusi mexaniki emalatxana və zavod neftin çıxarılması, emalı nəqlinə xidmət edir, 300 müəssisə isə neft sənayesini zəruri materiallarla təmin edirdi, Beləliklə, neft sahibkarları böyük maliyyə vəsaiti hesabına yaratdıqları neft sənayesindən, çıxarılan neftdən və onun gətirdiyi gəlirdən məhrum oldular. Ölkədə yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq neft istehsalı aşağı düşür, istismarda olan və yeni quyuların sayı azalır, qazma işləri dayandırılırdı. Belə ki, 1917-ci ildə istismarda olan 3597 quyu 391,7 milyon pud, 1918-ci ildə 3287 quyu 185, 6 milyon pud, 1919-cu ildə 2066 quyu 225,1 milyon pud, 1920-ci ildə 2037 quyu isə 175,1 pud neft verirdi. Əsas səbəblər fəhlələrin neft sənayesindən getməsi, quyuların dərinliyinin artması, dəzgahların, iri diametri boruların çatışmaması, quyuların az qazılması, material-texniki təchizatın yarıtmaz vəziyyəti, neft mədənlərini bürümüş tətillər, xarici neft firmalarının Bakıdan məcburi getməsi, sahibsizlik, hərc-mərclik, quyuların sulaşması və neft ixracının məcburi dayandırılmasından ibarət idi.

Xalq Cümhuriyyətinin iqtisadiyyatı bütünlüklə neftin ixracı ilə bağlı idi. Neftin isə əsas istehlakçısı olan Rusiyada vətəndaş müharibəsi başlandığı üçün Azərbaycanın bu bazarı bağlanmış, neftin ixracı sürətlə azalmış, onun qiyməti son dərəcə aşağı düşmüşdü. 1919-cu ildə respublikada çıxarılan neftin yalnız 16 hissəsi ixrac edilmiş, qalan hissəsinin nəqli mürəkkəbləşmişdi. Belə bir şəraitdə iqtisadiyyatı bərpa etmək və sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün böyük çətinliklərə baxmayaraq, cümhuriyyət hökuməti neft sənayesinin inkişafına xüsusi diqqət yetirdi. Lakin milliləşdirilmədən sonra dağıdılmış neft mədənləri və zavodları bərpa etməyə hökumətin əsaslı vəsaiti yox idi. Elə həmin müəssisələrin öz əvvəlki sahiblərinə qaytarılması da xeyli dərəcədə bu zərurətdən irəli gəlmişdi. Neft ixracında olan çətinliklərlə əlaqədar olaraq ölkəyə az vəsait daxil olsa da, müstəqil Azərbaycana xaricdən müntəzəm olaraq kredit almağa imkan yaranmışdı.

Bakı Soveti süquta yetdikdən sonra Bakıya köçən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 5 oktyabr 1918-ci ildə neft sənayesinin milliləşdirilməsi haqqında verdiyi xüsusi dekretlə bütünlüklə neft modemlərini, Xəzər ticarət donanmasını, gəmiləri, zavodları, emalatxanaları neft sahibkarlarına qaytardı, istehsal edilmiş neftin üçdə iki hissəsini onlara verdi, üçdə bir hissəsini özünün sərəncamında saxladı, neftin Rusiyaya daşınmasını qadağan etdi. 1919-cu ildə neft ehtiyatı üç dəfə artaraq, 1920-ci ilin əvvəlində 300 milyon puda çatdı. Yaranmış əlverişli vəziyyət Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə qonşu dövlətlərə sərbəst neft satmağa imkan verdi. Azərbaycan neft sənayesinin sabitləşdirilməsi və inkişaf etdirilməsində hökumətin 1919-cu ildə elan etdiyi dekret xüsusi əhəmiyyət kəsb edirdi. Bu dekretə görə neft sənayesi üzərində dövlət nəzarəti qoyuldu, neftin və neft məhsullarının Batumiyə daşınmasına və satılmasına, mal mübadiləsinə icazə verildi. Dekretlə bağlı 1919-cu ilin mart ayında uzunluğu 500 kilometr, nəql gücü 3 milyon ton olan 1903-1907-ci illərdə tikilən və müharibə illərində sıradan çıxmış Bakı-Batumi neft kəməri bərpa edildi və ilk neft yola salındı.

Neft sənayesinin sürətlə inkişafını təmin etmək üçün yeni istehsal infrastrukturlarının yaradılması tələb olunurdu. Yeni istehsal sahələrinin yaradılması, təzə-quyuların qazılması, onların istifadəyə; verilməsi, hasilatın artırılması neft sənayesinin ehtiyaclarının yerinə yetirilməsi tələblərindən irəli gəlirdi. Bütün bu işlər neftçıxarma və neft emalı sənayesinə xidmət edən maşınqayırma və təmir müəssisələrinin təşkilindən başlandı. Ən əvvəl maşınqayırma müəssisləri. qazanxanalar, polad və dəmir prokatlar, qaynaq emalatxanaları yaradılıb istifadəyə verildi. Bununla yanaşı, neftçıxarmada başlıca xidmət sahəsi olan enerji təsərrüfatı təşkil edildi. Həmin dövrdə elektrik stansiyalarının gücü 63,7 min kVt-a çatdırılmışdı. İstehsal olunmuş elektrik enerji sərfinin 95 faizə qədəri - neft rayonlarının payına düşürdü. Görülən tədbirlər nəticəsində artıq 1918-1920-ci illərdə Azərbaycanda sənaye kompleksinin və istehsal infrastrukturunun yaradılması prosesi başlandı. Həmin dövrdə neftçıxarma, neft emalı, neft avadanlıqlarının təmirinə və istehsalına xüsusi fikir verilirdi. Neft mərkəzi hesab edilən Bakı şəhərində əhalinin tələbatını ödəmək məqsədilə yüngül, yeyinti sənayesinin, yükdaşıma və şəhər nəqliyyatı təsərrüfatlarının inkişafı xeyli sürətləndirildi.

1918-ci ildə Bakıda mövcud olan 165 müstəqil neft firmasının özünəməxsus mədənləri, neft emal edən zavodları, boru kəmərləri və anbarlan var idi. Bu dövrdə Bakının neft təsərrüfatı özündə 19 iri təşkilatı birləşdirirdi. Onlardan 17-si neft mədənlərini, biri neft emalı zavodlarını, digəri isə boru kəməri şəbəkəsini əhatə edirdi.

Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq artmaqda olan idxal-ixrac əməliyyatları və ödənişləri tənzimləmək üçün 1919-cu ilin sentyabr ayının 30-da Bakıda təntənəli surətdə Azərbaycan Dövlət Bankı yaradıldı və kredit bankları açıldı. Bu mərasimdə məşhur xeyriyyəçi H. Z. Tağıyev demişdi: "Bizim bank haqqında tezliklə Avropada biləcəklər". 1919-cu ilin oktyabrın 25-də kredit bankları və şəhərlərdə əmanət kassaları fəaliyyətə başladı.

vaxt neft sənayesində yaranan ən mühüm problemlərdən biri neftin emal edilməsində yaranmış çətinliklərlə bağlı idi. Dağıntılar nəticəsində neft hasilatı ilə emalı arasında böyük uyğunsuzluq yaranmışdı. Azərbaycanda mövcud olan çoxsaylı neft emalı müəssisələrinin ümumi gücü 0,5 mln. ton təşkil edirdi. 1918-ci ildə Azərbaycanda neft emalının həcmi təxminən 200 min tona endiyindən xaricə neft, əsasən, xammal şəklindən ixrac edilirdi. Bu dövrdə Bakının neft təsərrüfatında fəaliyyət göstərən şirkətlər aşağıdakı transmilli korporasiyalarda birləşdilər. Neft emalı, kimya və neftin ixracı ilə Nobel qardaşla məşğul olurdular. Neftin hasilatı, emalı və ixracını Rus neft şirkəti həyata keçirirdi. Neft hasilatı, neftayırma sahələrinin avadanlıqlarla təchizatın ingilis-holland "Şell" tresti yerinə yetirildi. Maliyyə-neft korporasiyasında iştirak edən 10-dan artıq xarici ölkə şirkətləri neft və neft emalı sənayesinin inkişafını maliyyələşdirirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti neft sənayesinin işinin tənzimlənməsi, inkişafının təmin edilməsi və bu sahə üzərində dövlət nəzarətinin möhkəmləndirilməsi məqsədilə 1919-cu ilin əvvəlində xüsusi qərar qəbul etdi. Həmin qərara əsasən ölkə neftinin yalnız Batumi boru xətti ilə daşınmasına, satılmasına və mübadiləsinə icazə verilirdi. Bu qərarla Azərbaycan neftinin dağıdılmasının, mənimsənilməsinin qarşısına ciddi sədd çəkildi. Beləliklə, təqribən 18 ay neft sənayesi Xalq Cümhuriyyətinin sərəncamında qaldı. Xalq Cümhuriyyəti hökumətinin gördüyü tədbirlər nəticəsində 1949-cu ildə aylıq neft hasilatı 18 milyon puda çatdırıldı. Onun 14 hissəsi xarici bazarlara satıldı, qalan hissəsi isə ölkədə cəmləşdirildi. 1919-cu ildə Bakıda istehsal olunan neftin 40,5 milyon pudu Batumi, Krasnovodsk, Pəhləvi limanları vasitəsi ilə xarici ölkələrə satıldı.

Blokada şəraitində və qərəzli mövqe nümayiş etdirən dövlətlərin əhatəsində yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin dünya ölkələri tərəfindən tanınması, müstəqilliyinin möhkəmləndirilməsi, sosial və iqtisadi inkişafının təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi təxirəsalınmaz strateji vəzifələr idi. Bu vəzifələrin qısa müddətdə həyata keçirilməsi üçün Azərbaycan Gürcüstan, Türkiyə, İtaliya və Amerika ilə iqtisadi-ticarət əlaqələri yaradır, nağd pul və barter üsulu ilə özünə lazım olan ərzaq məhsullarını. hərbi texnikanı, sənaye və aqrar bölmə üçün müasir avadanlıqları alıb ölkəyə gətirirdi. Fransa və İtaliya ilə aparılan danışıqlar nəticəsində neft məhsulları mübadiləsi yolu ilə ilk olaraq ölkəyə yüz parovoz, 2000 sistern, 500 vaqon, 1,5 milyon pud buğda və 1 milyon pud şəkər idxal edildi.

Azərbaycanın iqtisadi-ticarət əlaqələri yaratdığı ölkələr arasında Gürcüstan və İtaliya mühüm yer tuturdu. Azərbaycanın bağladığı hərbi-müdafiə paktına əsasən Xalq Cümhuriyyətinin Gürcüstana göndərdiyi 1 milyon pud neft, 20 milyon pud neft məhsulları müqabilində Tbilisidən ölkəmizə 12 yüngül, 12 dağ topu, 24 maksim pulemyotu, 3 min tüfəng və s. hərbi ləvazimat göndərilmişdi. Qafqaz döyüşlərində məğlub olan Denikinçilər bir sıra neft məhsullarının müqabilində Azərbaycana 20 top, 100 pulemyot, 9 təyyarə, 15 min tüfəng göndərmişdilər.

İstehsal olunan neftin ixracından əldə edilən vəsait hesabına büdcədən müdafiə xərcləri üçün 3,9 milyon manat vəsait aylmışdı. Bu vəsait hesabına ordunun tərkibində 2 artilleriya briqadası, 1 artilleriya diviziyası, 3 bronlu qatar, 5 təyyarə, 6 ağır bronlu avtomobil batalyonu yaradılmışdı, Xəzər Hərbi Donanmasının sərəncamına "Qars-Ərdəhan" gəmiləri, "Astrabad", "Araz" və "Nargin" adlı hərbi qayıqlar verilmişdi. Göründüyü kimi, neftdən gələn gəlirlər hesabına Xalq Cümhuriyyəti qısa müddət ərzində general-polkovnik Səmədbəy Mehmandarovun başçılığı altında orta güclü milli ordu yaratmışdı.

1920-ci ilin yazında Azərbaycanda hasil edilmiş neft ehtiyatları 300 milyon puda çatdırıldı. Beləliklə, neft ehtiyatları son dərəcədə azalan qonşu dövlətlə Azərbaycan Xalq Cümhuriyyəti arasında ziddiyyətlər son həddə çatdı və bu ziddiyyət Azərbaycan Xalq Cümhuriyyətinin süquta yetirilməsinin əsas səbəblərindən birinə çevrildi. Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələr onu süquta yetirmək üçün Bakı neftini əla keçirməyi ən vacib vəzifə hesab edirdilər. Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdəki neft sənayesinin vəziyyəti nəzərdən keçirilərkən Azərbaycanın 1990-1993-cü illərdəki təhlükəli durumu ilə böyük oxşarlıq aydın görünür.

Neft siyasəti ilə bağlı ümumi oxşarlıq Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının yaşadıqları dövrün ziddiyyətləri, fərqli idarəçilik prinsipləri, qonşu dövlətlərin strateji maraqlarına münasibət ilə əlaqədardır. Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlətçilik ənənələri ilə yanaşı, onun neft siyasəti sahəsindəki addımları müasir Azərbaycan üçün çox maraqlıdır. Ulu öndərimiz Heydər Əliyev demişdir: "Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır". Bununla belə, ümummilli liderimiz Heydər Əliyev neft strategiyasını işləyib hazırlayarkən ölkədaxili ictimai-siyasi vəziyyəti, qonşu dövlətlərin strateji maraqlarını, dünya təcrübəsini, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini istəməyən xarici qüvvələrin qərəzli münasibətlərini balanslı şəkildə nəzərə almış, Azərbaycanın milli maraqlarına üstünlük vermişdir. O, Azərbaycanın neft strategiyasının reallığına şübhə edənlərə, onun böyük gələcəyini əfsanə adlandıranlara münasibətdə düşünülmüş, qətiyyətli mövqe tutmuş və qarşıya qoyduğu strateji proqramın reallaşmasına nail olmuşdur. Artıq Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatı nəzərdə tutulan həddə çatdırılmış, Bakı-Tbilisi-Ceyhan boru kəməri işə düşmüş və Azərbaycan neftinin dünya bazarına ixracı reallaşdırılmışdır.

Bu gün Dünya Bankının hesablamalarına görə, gələcək 20 il ərzində Azərbaycana təkcə neftin ixracından 200 milyard dollardan artıq vəsait daxil olacaqdır. Nəzərə almaq lazımdır ki, bu məbləğ neftin qiymətinin 50 dollar səviyyəsində hesablanmışdır. Neftin bugünkü qiyməti baxımından ölkəyə axacaq maliyyə vəsaitinin ən azı iki dəfə artacağı gözlənilir. Maliyyə vəsaitinin güclü axını şəraitində Azərbaycan tədricən sərmayədar ölkəyə çevrilir. Artıq Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda böyük neft terminalının inşasını başa çatdırmış, Türkiyə kimya sənayesi nəhəngi "Petkin" obyektinin inşasını davam etdirir. Beləliklə, Azərbaycan dünyanın səhmdar ölkələri sırasına daxil olur, Azərbaycan nefti insan kapitalına çevrilir.

 

Siyavuş QARAYEV,

Azərbaycan Dövlət Neft Akademiyasının rektoru,

akademik