Səs.-2016.-12 oktyabr-¹ 186.-S.7.

 

Şahbuz şəhəri ana təbiətin giriş qapısı

 

Səbuhi Həsənov,

"Şərq qapısı" qəzetinin əməkdaşı

 

Naxçıvanın hərtərəfli inkişafı və gözəlliyi haqqında indi daha çox danışılır. Son iki onillikdə sürətli inkişaf dövrü keçərək ölkəmizin nümunəvi regionlarından birinə çevrilən bu diyarın özü qədər saf gözəlliyini, bura gələn hər kəs, birmənalı olaraq etiraf edir. Qədimliklə müasirliyi, təbiiliklə insanın yaradıcı qüvvəsinin sərhədsizliyini özündə əks etdirən bu cazibədarlıq Naxçıvanın qismətinə, məhz son iyirmi ildə yazılıb. Təbii ki, insan əlinin zəhməti ilə yaradılmış bu gözəlliklərdən diyarın hər bölgəsinə pay düşüb. Şahbuz rayonu da bu sırada istisna deyil.

Tarixi mənbələrə görə, XVI əsrdə burada 27 kəndi, iki məzrəəni (insan yaşamayan yer), Oyuqlucaqaya, Bazaryurd, Dərəbaş gədiyi, Qaçdaş, Nərkeçi və Armudlu yaylaqlarını əhatə edən Dərəşahbuz nahiyəsi yaradılıb, XIX əsrin 40-cı illərinə qədər fəaliyyət göstərib. 1925-ci ildə Naxçıvan inzibati-ərazi vahidində Nərimanov rayonu adlandırılıb (30 kəndi əhatə edib), 1930-cu ildən "Şahbuz" adı bərpa olunub. Rayon 1963-cü ildə ləğv edilərək, Naxçıvan (indiki Babək) rayonuna birləşdirilib, 1965-ci ildə yenidən təşkil olunub. Şahbuz rayonu Naxçıvan Muxtar Respublikasının digər rayonlarından bəzi xüsusiyyətləri ilə fərqlənir. Muxtar respublika ərazisində yeganə dəmir yolu xətti keçməyən bölgə Şahbuz rayonudur. Bu rayon Naxçıvanda nadir flora və fauna növlərinin, meşə və su ehtiyatlarının ən çox yayıldığı ərazilərə malikdir. Bundan əlavə, təbii şəraitin əlverişliliyindəndir ki, muxtar respublikada ilk kənd turizmi layihəsi bu rayonun ərazisində həyata keçirilib. Uca Yaradan bu bölgəmizə elə təbii gözəlliklər bəxş edib ki, bu gözəlliklər Şahbuzu digər bölgələrimizdən əhəmiyyətli dərəcədə fərqləndirir. Əgər Ordubad və Culfa rayonları üçün daha çox tarixilik, Babək və Şərur rayonları üçün sənaye və kənd təsərrüfatı sahələrinin müxtəlifliyi hakimdirsə, Şahbuz rayonunda ana təbiətin özü daha səciyyəvi xarakter daşıyır. Bəlkə də buna görədir ki, Şahbuz adını eşidərkən, gözlərimiz önündə ilk olaraq, bu rayonun təbiəti canlanır. Bu təbiəti görmək, onunla təmasda olmaq yerli sakinlərlə yanaşı, Naxçıvana gələn qonaqların da arzusuna çevrilir. Axı Cənubi Qafqazın əsrarəngiz gözəlliyə məxsus Batabat yaylağında gəzmək, dünyada bənzəri olmayan "Üzən ada"nı seyr etmək, yayın ən qızmar günlərində belə, havası ilə insanı üşüdən Kükü, Biçənək, Ağbulaq, Gömür kimi kəndləri gəzib-dolaşmaq kimin ürəyindən keçməz ki? Ancaq bütün bunlara aparan yol Şahbuz şəhərindən keçir. Elə buna görə də, Şahbuz şəhərini, eyni zamanda, ana təbiətin giriş qapısı adlandırmaq olar. Biz isə bu dəfə qapıdan keçməyəcəyik, elə astanada gördüklərimizdən bəhs  edəcəyik.

Hazırkı Şahbuz şəhəri Sovetlər Birliyi dövründə diqqət mərkəzində olmayan bir ərazi kimi xalqın yaddaşında qalıb. Ərazicə kiçik, infrastruktur baxımından çox kasıb olan rayon mərkəzi muxtar respublikanın bu statusda olan digər ərazi vahidlərindən xeyli geridə qalıb. Ancaq bu ətalətə 20 il bundan əvvəl əlvida deyilib və ötən dövrdə rayon mərkəzi elə bir sürətli inkişaf yolu keçib ki, burada görülən işləri heç 20 ilə sığışdırmaq mümkün kimi görünmür. Şahbuz şəhəri indi muxtar respublikanın sayılıb-seçilən rayon mərkəzlərindən birinə çevrilib.

Şahbuz qəsəbəsinə 2007-ci ildə şəhər statusu verilib. 2013-cü il fevralın 22-də isə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı və 2013-cü il mart ayının 15-də ölkə Prezidentinin imzaladığı Sərəncamla sahəsi 1454 hektar olan Qarababa kəndi bütövlükdə, Ayrınc kəndinin 92,8 hektar sahəsi, Daylaqlı kəndinin 274,8 hektar sahəsi Şahbuz şəhərinə verilib. Bundan sonra rayon mərkəzi olan Şahbuz şəhərinin ərazisi 2826,6 hektaradək genişlənib. Ancaq bu tarixədək Şahbuz şəhəri başdan-ayağa yeniləşmə dövrü keçib. Muxtar respublikanın ən yeni tarixində mühüm istiqamətlərdən birinə çevrilən tikinti bumu Şahbuz şəhərinin simasını dəyişib. Belə ki, ötən dövrdə şəhərin Heydər Əliyev prospekti və "28 May" küçəsi boyu sıra ilə düzülən rayon icra hakimiyyəti, maliyyə, təhsil, polis şöbələri, baytarlıq və rabitə idarələri, Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsi, Əhalinin Sosial Müdafiəsi, gigiyena və epidemiologiya mərkəzləri, Tarix-Diyarşünaslıq Muzeyi, Avtovağzal, "Araz" kinoteatrı, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Uşaq Kitabxanası, Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatı, ümumilikdə, 40-a yaxın təşkilat üçün inşa olunan, yaxud yenidən qurulan binalar Şahbuza şəhər elementlərinə xas görkəm bəxş edib. Quruculuq tədbirlərinin davamı kimi hazırda şəhərdə rayon Elektrik Şəbəkəsi üçün inzibati bina tikilir.

Qeyd etmək lazımdır ki, muxtar respublikada mövcud beş şəhərdən biri olan Şahbuz bir çox spesifik xüsusiyyətlərinə görə digərlərindən seçilir və istənilən baxış bucağından yanaşsaq, Şahbuz üçün təbiət amili qaçılmazdır. Məsələn, 1 prospekti, 20-dən artıq küçəsi olan Şahbuz şəhəri muxtar respublikadakı digər şəhərlərdən ikimərtəbəli yaşayış binalarının çoxluğu ilə seçilir. Şəhərdəki 21 yaşayış binasından ikisi istisna olmaqla (biri üçmərtəbəli, o birisi altımərtəbəli), digərləri iki mərtəbədən ibarətdir. Əslində, bunu vaxtilə, elə indinin özündə də şəhər əhalisinin az olması faktı ilə bağlamaq düzgün deyil. Nəzərə alaq ki, Şahbuz şəhəri iri sənaye və istehsal müəssisələrinin cəmləşdiyi deyil, dağlıq və dağətəyi turizm imkanlarına malik bir rayon mərkəzidir. Dünya təcrübəsində də belə turizm potensialına malik ərazilərdə yüksəkmərtəbəli yaşayış binalarına çox nadir hallarda rast gəlinir. 2 tam orta məktəbi, 1 məscidi, 1 mehmanxanası olan bu şəhərdə, hərbçi ailələrini nəzərə almasaq, hazırda 5000-ə yaxın sakin yaşayır. Yeri düşmüşkən, ötən əsrin 70-ci illərinin əvvəllərində istifadəyə verilmiş mehmanxana sovet dövründə Azərbaycanın bəzi rayon mərkəzlərinin qismətinə düşmüş azsaylı mehmanxanalardandır. Mehmanxana tikintisinə o zaman ehtiyac olur ki, həmin bölgəyə qonaqların daimi axını olsun. Şahbuz rayonu isə Naxçıvana yolu düşənlərin ən çox üz tutduğu bölgələrdən olub. Təbiət mənzərələri Şahbuzu bu baxımdan digərlərindən fərqləndirib. Və yaxud götürək Şahbuz şəhərində yerləşən Ahıllar Evini. Bura təyinatına görə Azərbaycanda bu tipli iki müəssisədən biridir. Ahıllar Evində, əsasən, kimsəsiz insanlar yaşayırlar. Ahıllar Evinin Şahbuz şəhərində salınmasında da böyük ehtimalla rayon mərkəzinin sakit, havasının təmiz olması az rol oynamayıb. Yəni yenə də təbiət amili.

Yazının əvvəlində qeyd etdik ki, Şahbuz rayonu bol su mənbələri ilə zəngin bölgələrimizdəndir. Son illərdə rayon mərkəzinin suvarma və içməli su ilə təminatında mühüm addımlar atılıb. Şahbuz dağlarının bumbuz bulaqlarından şəhərə yeni su xətti çəkilib, yaşıllıqların suvarılması üçün əməli tədbirlər görülüb. Təkcə Şahbuz şəhərində altı bulaq-abidə kompleksi var ki, bu bulaqların hər biri şəhər sakinlərinin, eləcə də, bura yolu düşən hər kəsin isti yay günlərində sərinləməsinə imkan verir. Məcazi yox, sözün həqiqi mənasında, Şahbuz şəhərinə girişdə və çıxışda sərnişinləri ilk qarşılayan da, məhz elə bulaqlardır.

Vurğuladığımız kimi, Şahbuz şəhərində böyük sənaye müəssisələri yoxdur. Ancaq özünəməxsusluq bu sahədə də qorunub. Bir çox kiçik müəssisələrlə yanaşı, şəhərdə "Şahbal" və "Farma Şah" Məhdud Məsuliyyətli cəmiyyətlərinin fəaliyyəti diqqət çəkir. Rayonun coğrafi şəraiti, iqlimi, təmiz havası, saf suyu bu bölgədə arıçılığın və yüksək müalicəvi əhəmiyyətə malik dərman bitkilərinin inkişafına şərait yaradıb. Elə təbiətin bəxş etdiyi bu gözəlliklərin sayəsində şəhərdə, məhz bu profildə fəaliyyət göstərən müəssisələr yaradılıb.

Şahbuz şəhəri ötən illərdə böyük inkişaf yolu keçib. Bu yazıda adını sadaladığımız ünvanların hər biri ötən dövrdə tikilərək və ya yenidən qurularaq əhalinin istifadəsinə verilib. Bundan əlavə, şəhərdə yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Təkcə şəhər ərazisində meyvə bağlarının həcmi 26 hektara çatdırılıb. Digər tərəfdən şəhərin prospekt və küçələrində çoxsaylı ağaclar əkilib. Bu sahədə ən diqqətçəkici məqamlardan biri də əkilən ağaclar içərisində çinar ağaclarının çoxluğudur. Bildiyimiz kimi, çinar ağacları həm sərinliyinə, həm də uzunömürlülüyünə görə digər bəzək və meyvə ağaclarından fərqlənir. Bu baxımdan, Şahbuzu bir neçə il sonra "çinarlar şəhəri" adlandıracağıq.

Bəli, təbiətin bəxş etdiyi imkanlar insan əməyinin nəticəsi ilə birləşəndə, əsl gözəlliyin şahidi olursan. Məhz bu gözəlliyi indi Şahbuz şəhərinin timsalında hər kəs görə bilər. Şahbuz kiçik şəhərdir. Ancaq kiçik olması ilə yanaşı, qonaqlı-qaralı yerdir. İndi Naxçıvana gələn qonaqlar da, yerli sakinlər də istirahət seçimində ən çox bu rayona üstünlük verirlər. Şahbuzun təbii gözəlliklərinə gedən yol isə bu dağlıq bölgənin sakit, təmiz, səs-küydən uzaq rayon mərkəzindən - Şahbuz şəhərindən keçir. Bu mənada, Şahbuz şəhəri həm də ana təbiətin giriş qapısıdır.