Təzadlar. -2009.- 16 yanvar.- 9.-S.9.

 

DİFAİ Müdafiə Birliyi Bərdədə necə yarandı?

 

Tarixən Azərbaycanda daxili və xarici düşmənlərə qarşı mübarizə aparmaq üçün müdafiə təşkilatları yaranmışdı. Bunlardan biri də ermənilərə qarşı ciddi işlər görmüş və böyük uğurlar qazanmış, qeyrətli şəxsiyyətlər tərəfindən XX əsrin əvvəlində yaradılmış DİFAİ (ərəbcə müdafiə etmək, qorunmaq) Müdafiə Birliyi idi.

 

1905-ci ildə ermənilərin Qarabağa hücumu ilə əlaqədar yaradılan DİFAİ Müdafiə Birliyinin məqsədi ermənilərin hücumundan qorunmaq üçün könüllü silahlı dəstələr yaratmaq, qaçqınlara yardım göstərmək, əhalinin sağlamlığını təmin etmək idi. Bu təşkilat ilk dəfə Qarabağın Şuşa, Qaryağin (Füzuli) və Cavanşir qəzalarında yaradıldı. Birliyin özək komitələrinin rəhbərləri Kərim bəy Mehmandarov, Əhməd bəy Ağaoğlu və Məhəmməd bəy Hacınski idilər. K.Mehmandarov Qarabağda məşhur həkim, böyük dünyagörüşə malik ziyalı M.Hacınski Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ilin fevral ayından aprel ayına qədər ticarət, ərzaq, sənaye naziri olmuşdur.

Ə.Ağaoğlu Fransada ali təhsil almış, görkəmli filosof və publisist idi. O, "Həyat" qəzetinin redaktoru olmuş, turançılıq ideyasının yaradıcılarından olan Əli bəy Hüseynzadə ilə birlikdə işləmiş, ömrünün son illərini Türkiyədə keçirmiş, Atatürklə dostluq etmişdir.

 

Bəs DİFAİ hansı şəraitdə və nə üçün yaradıldı?

 

Rus-yapon müharibəsi nəticəsində mərkəzdə hakimiyyətin zəifləməsindən, inqilabi çıxışların artmasından istifadə edərək, fürsəti əldən verməyən erməni daşnakları azərbaycanlılara qarşı hücum və talanlara başladılar.

Qarabağ müharibəsinin ilk illərində olduğu kimi, ermənilər silahlı, azərbaycanlılar silahsız idi. 17 avqust 1905-ci ildə ermənilər Şuşanın Köçərli və Xəlfəli məhəllələrini yandırdılar. Şuşa əhalisi bu vəhşiliyin cavabını layiqincə verdi. Ermənilərin başçıları qubernator Baronovskinin iştirakı ilə sülh, barışıq təklif etdilər. Azərbaycanlılar təklifi qəbul etdilər. Lakin həmişə olduğu kimi, onlar vədlərinə naxələf çıxdılar.

Ermənilər Cavanşir qəzasının Xaçın və Tərtər dərələrində hücuma keçərək talan və qırğınlara başladılar. Belə bir vaxtda K.Mehmandarov Bərdəyə gəldi, DİFAİ-nin Bərdə özəyi yaradıldı. özəyin rəhbəri Kərim bəy Bahadur bəy oğlu Qalabəyov oldu. Qılınclıdan Hüseynalı yüzbaşı, Boyəhmədlidən Xəlil bəy, Qazanpapaq oğlu Məhəmməd, Alpouddan İspəndiyar xozeyn, Qurbanəli xozeyn, Bala bəy, Cəlal bəy Qalabəyov, Məşədi Zaman, Hacı Kərim özəyin üzvləri oldular. Bu Birliyin vəzifəsi Cavanşir qəzasının rəisi, milliyətcə gürcü olan, Taqaşvili ilə görüşmək, ermənilərdən qırğını dayandırmağı tələb etmək idi. Taqaşvili tərəfləri Tərtərə danışığa dəvət etdi. Azərbaycanlılar gəlsələr də, ermənilər gəlmədilər. 30 oktyabr 1905-ci ildə ermənilər Dəmirli və Perxod kəndlərini yandırdılar.

Tərtər dərəsində Umudlu kəndi istisna olmaqla, digər azərbaycanlı kəndlərini silah gücünə köçürtdülər. Xaçın dərəsində yerləşən Sırxavənd kəndində də qırğınlar törədildi. DİFAİ-nin Bərdə özəyinin və Tərtər ağsaqqallarının səyi nəticəsində ermənilər susduruldu, onlara ağır zərbələr endirildi. Həsənriz, Dovşanlı, Seyidsulan, Talış, Çaylı, Ağdərə kəndlərində təşkil olunmuş silahlı daşnak dəstələri ləğv edildi. DİFAİ rəhbərliyi xalqa müraciət edərək bildirdi ki, "Düşmənlərdən yaxşılıq gözləməyin, onlardan bizə dost olmaz" O vaxt ermənilərin Qarabağ komitəsinə rəhbərlik edən daşnaklar Armanak Karakozov, Miquq Arzamyan, Simayon Davidov, Suren Sadnuş, Sako Ambarsumyan, Aleksandr Saturyan idi. 1920-ci ildə XI Qırmızı Ordu Azərbaycana gələndə daşnaklar cildlərini dəyişərək sosial-demokrat, bolşevik oldular. Armanak Karakozov Bakıya gələrək, DİFAİ rəhbərliyinin siyahısını XI Qırmızı Ordunun komandanlığına təqdim etdi və o, ordunun tərkibinə komandir kimi qəbul olundu. XI Qırmızı Ordu 1920-ci ilin may ayında Yevlaxa gəldi. M.K.Levandovskinin rəhbərlik etdiyi 32-ci artıcı diviziyanın 2-ci süvari korpusunun quldur dəstələri mayın 8-də Yevlaxdan Bərdəyə soxuldu. Bərdə istiqamətində döyüş əməliyyatına rəhbərlik edənlərdən, milliyyətcə erməni olan KarakozovParsadanov da var idi.

 

***

 

Bu vaxt Tərtər çayında olan daşqın, körpünün olmaması 10 minlərlə əhalinin çayın sağ sahilinə keçməsinə imkan vermirdi. Sonralar xalq düşməni hesab edilən Məşədi Mehdi Şərifzadə, Hüseynalı yüzbaşı, Lənbəranlı Cəmil bəy, Qazanpapaq oğlu Məhəmməd, Qurbanalı xozeyin, Bala bəy, Nazırlı Əşrəf, Kərim bəy Qalabəyov, İspəndiyar xozeyin, Müsavat Ordusunun polkovniki Sofiev və Cavanşir polkunun komandiri Zeynalov dərhal birgə fəaliyyətə başlayaraq, Bərdə və ətraf kəndlərin əhalisinin Tərtər çayının sağ sahilinə köçürülməsi üçün əhəmiyyətli işlər gördülər. Buna baxmayaraq, seldən sonra çay məcrasına düşəndə ərazidə əsasən uşaq, qadın və qocalardan ibarət yüzlərlə meyit qalmışdı. Erməni ParsadanovKarakozov düşmənçiliklərini bir daha sübut edərək, 18-ci süvari diviziyasının komandiri Kruşkova məlumat verdilər ki, "əhali qaçıb, silahlılar məsciddə və Nüşabə qalasında (Bərdə türbəsi) gizlənib, imkan düşən kimi arxadan hücuma keçəcəklər". Məscidi mühasirəyə alan quldur bolşevik dəstələri abidəni pulemyotlardan atəşə tutaraq güllələdilər.

Bu hadisələrdən sonra Tərtər, Ağdam, Şuşa sovetləşdi. XI Qımızı Ordunun komandanı Levandovskinin, Qarabağ istiqamətində vuruşan 18-ci süvari diviziyanın komandiri Kruşkovun, hərbi hissə komandirləri KarakozovParsadanovun (hər ikisi ermənidir) iştirakı ilə Yevlaxda müşavirə keçirildi. Həmin vaxtdan ilk növbədə başda DİFAİ rəhbərliyi olmaqla Bərdədə təqiblər başladı. Vətəninin qeyrətli oğullarının bir hissəsi məcburən dağlara çəkildi. K.Qalabəyov, İspəndiyar xozeyin, Nazırlı Əşrəf, Qurbanəli xozeyin İrana keçməklə məlum repressiyalardan xilas oldular. XX əsrin sonlarında Qarabağda baş verən Ermənistan-Azərbaycan münaqişəsi tarixi hadisələrin təkrar olunmasına bir daha sübutdur.

 

Sərvər İbrahimbəyli,

Bərdə