Xalq qəzeti”.-2008.-20 iyul.-N158.-S.1.

 

İqtisad elmində yeni təfəkkürün görkəmli təmsilçisi

 

Artıq on ildən çoxdur ki, iqtisad elmləri doktoru, professor Sofiq Kəlbi oğlu Hüseynov dünyasını dəyişmişdir. Sağ olsaydı iyulun 22-də 58 yaşı tamam olacaqdı. O, qısa, lakin işıqlı bir ömür yaşadı. Zəhmət və istedadı sayəsində elmdə ən yüksək dərəcə və adı – iqtisad elmləri doktoru, professor adını aldı, İqtisadi İslahatlar Mərkəzi kimi böyük bir elmi-tədqiqat ocağının direktoru təyin edildi, millət vəkili seçildi, parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri oldu. Sofiq Hüseynovu xatırlamaqla iqtisad elmi tarixinin maraqlı bir səhifəsini vərəqləmiş oluruq, yüksək mənəviyyatı, səmimiyyəti, zəhmətsevərliyi və digər insani keyfiyyətləri ilə həmkarları və dostları arasında böyük hörmət sahibi olmuş bir insanın qısa və mənalı həyat yolunu nəzərdən keçiririk. Əsl alim və ziyalı qıtlığının duyulduğunu etiraf etməklə Sofiq Hüseynovun nümunəsində elmilik, insanlıq məktəbinə baş vurmuş oluruq.

Sofiq Kəlbi oğlu Hüseynov 1950-ci il iyulun 22-də Zəngilan rayonunun Çöpədərə kəndində anadan olmuşdur. 1967–1971-ci illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsində təhsil almışdır. Təyinatla Azərbaycan SSR EA-nın İqtisadiyyat İnstitutuna göndərilmiş və burada aspiranturanı bitirmişdir. 1977-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1984–1986-cı illərdə Moskvaya SSRİ EA-nın İqtisadiyyat İnstitutuna ezam olunmuş, orada doktorluq dissertasiyasını tamamlamışdır.

1988-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdaifə etmişdir. 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə İqtisadiyyat Nazirliyinin nəzdində yaradılmış İqtisadi İslahatlar Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur. “Azərbaycan Respublikası iqtisadiyyatının stabilləşdirilməsi və radikal iqtisadi islahatların həyata keçirilməsi Proqramı”nın müəllifi olmuşdur.

1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir və iqtisadi siyasət daimi komissiyasının sədri təyin olunmuşdur. Sofiq Kəlbi oğlu Hüseynov iki Beynəlxalq Elmi Akademiyanın – Beynəlxalq Pedoqoji və Sosial Elmlər Akademiyasının və Beynəlxalq Ekoenerji Akademiyasının həqiqi üzvü, Y.Məmmədəliyev adına mükafatın laureatı olmuşdur. O, 1997-ci il dekabr ayının 30-da vəfat etmişdir.

Sofiq Hüseynovun bu qısa tərcümeyi-halı onun məzmunlu, yaradıcı bir alim həyatı yaşadığını göstərir. Ən böyük kapital olan ömür adlı vaxtdan özü kifayət qədər faydalanmasa da ölkəsinin, xalqının faydalanması üçün böyük işlər görmüşdür.

Alimin elmi yaradıcılığına bir az təfərrüatı ilə nəzər salaq.

XX əsrdə Azərbaycanda formalaşan və inkişaf edən iqtisad elmi məktəbinin mühüm bir sahəsi regional iqtisadiyyatdır. Məhsuldar qüvvələrin yerləşdirilməsinin metodologiya və praktikasının, ictimai istehsalın ərazi proporsiyalarının təkmilləşdirilməsinə və ümumiyyətlə, ərazi əmək bölgüsü problemlərinə böyük xidmətlər göstərmiş bu məktəbin əsasını akademik Asəf Nadirov qoymuşdur. Asəf müəllimin yetirməsi olan Sofiq Hüseynov artıq Azərbaycan iqtisadi fikrinə bu məktəbin layiqli bir nümayəndəsi və davamçısı kimi düşmüşdür. Lakin qeyd edək ki, regional iqtisadiyyatın özü də çox istiqamətli bir sahədir. Burada sənayenin yerləşdirilməsi, onun ərazi və sahə strukturunun təkmilləşdirilməsi həmişə diqqət tələb edən problem olmuşdur. Xüsusən 70-ci illərdə üstün intensiv inkişafa keçidin zəruri bir vəzifə kimi ölkə və elm qarşısında dayanması bu sahədə tədqiqatların dərinləşməsini tələb edirdi. S.Hüseynov akademik A.Nadirovun rəhbərliyi altında 1977-ci ildə “Azərbaycan SSR-in sənaye qovşaqlarının formalaşması məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi. Bu adda elmi tədqiqatın önəmliyi onda idi ki, həm nəqliyyat, həm resurs potensialından istifadə, həm də idarəetmə və məşğulluq problemlərini həll etmək baxımından bu cür qovşaqları formalaşdırmaqla sənaye istehsalının nəinki intensivləşdirilməsini və səmərəliliyinin artırılmasını təmin etmək mümkün idi, həmçinin məhsuldar qüvvələrin ərazicə tarazlı inkişafına nail olmaq, sənayenin daha çox Bakı – Sumqayıt iqtisadi rayonunda təmərküzləşməsi ilə əmələ gələn makroiqtisadi ərazi disproporsiyalarını aradan qaldırmaq mümkün idi. O zaman gənc tədqiqatçı S.Hüseynovun elmi axtarışları sayəsində respublikada konkret olaraq hansı sənaye qovşaqlarının yaradılması, bu sənaye qovşaqlarının hansı müəssisələr hesabına inkişaf etdirilməsi müəyyənləşdirildi.

80-ci illərdə dünya iqtisadiyyatının inkişafı əsasən intensiv amillərlə şərtlənirdi. SSRİ iqtisadiyyatı nə qədər qapalı olsa da özünün rəqabət qabiliyyətliyini artırmaq zərurəti qarşısında qalmışdı. Əks halda özünün böyük lider dövlət imicini itirmək təhlükəsi var idi. Bu şəraitdə ölkənin hələ kifayət qədər resurs potensialının olmasına baxmayaraq, intensiv amilləri hərəkətə gətirmək tələb olunurdu. SSRİ-nin bütün ərazisində iqtisadiyyatı intensiv amillər hesabına qurmaq və bu amillər vasitəsilə iqtisadi artım əldə etmək vacib idi. İqtisad elmi bu problemin həllinə öz töhfəsini verməli idi. Aparıcı elmi tədqiqat institutlarının fəaliyyətində bu məsələ diqqət mərkəzində idi. Bu sahədə SSRİ EA İqtisadiyyat İnstitutunun alimləri ön cərgədə gedirdilər. Sofiq Hüseynov 1984-86-cı illərdə bu instituta ezam edildi və burada “İntensivləşdirmə şəraitində Azərbaycan SSR sənaye istehsalının strukturunun səmərəliliyi” mövzusunda doktorluq dissertasiyasını başa çatdırdı. O dövrdə bu sahədə ittifaq miqyasında kifayət qədər tanınmış görkəmli iqtisadçı alimlər – F.Ə.Fərəcov, Q.U.Samborski, D.A.Çernikov və digərlərinin müsbət rəyi ilə 1988-ci ildə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunun Elmi Şurasında müdafiə olunan bu dissertasiyanın elmi qiymətini varislik prinsipini nəzərə almadan, müqayisələr aparmadan vermək, əlbəttə, mümkün deyildir. Məsələ ondadır ki, artıq o dövrdə ictimai istehsalın, sənayenin quruluşunun təkmilləşdirilməsi, ayrı-ayrı respublikadaxili iqtisadi rayonların və bütövlükdə respublikanın iqtisadi potensialının tam və səmərəli istifadə edilməsi, əmək resurslarından daha düzgün istifadə edilməsi baxımından ayrı-ayrı sənaye sahələrində sahədaxili strukturların təkmilləşdirilməsi problemləri tədqiqat obyektinə çevrilmişdi. Azərbaycanın görkəmli iqtisadçı alimləri A.A.Nadirov, Z.A.Səmədzadə, F.Ə.Fərəcov, M.M.Allahverdiyev, Ş.M.Muradov, Ə.X.Nuriyev, V.D.Axundov bu sahədə sanballı kitablar nəşr etdirmişdilər.

S.Hüseynovun elmi tədqiqatlarında sənaye istehsalının qeyri-bərabər bölgüsünün doğurduğu neqativ nəticələr qiymətləndirilir, bu məsələnin az itki ilə həllinin konkret istiqamətləri göstərilir. Sahəsinə görə respublikamızın 7 faizini, əhalisinin sayına görə isə 28 faizini təşkil edən Bakı-Sumqayıt iqtisadi rayonunda ölkənin sənaye məhsullarının 60 faizinin istehsal edilməsi nəticəsində əmələ gələn disbalansı aradan qaldırmaq üçün tədqiqatçı alim respublikadaxili iqtisadi rayonların hər birində sənaye istehsalının səmərəli quruluşunun formalaşdırılmasını təklif edir. Sənaye istehsalının səmərəli quruluşu anlayışı o zaman müəyyənləşmiş meyarlara görə yerli resurs imkanlarına istinad edən bir strukturu ifadə edir. Keçən müddət ərzində bu problemin tamam həll olunduğunu söyləmək çətindir. Bu mənada problem aktuallığını itirməyib. Lakin vaxtı ilə S.Hüseynovun araşdırdığı məsələyə metodoloji baxış, heç şübhəsiz, dəyişmişdir. Məsələ ondadır ki, indi harda, hansı sahənin, hansı hədlər daxilində inkişaf etdirilməsini bazar özü diktə edir.

Fikrimizcə, hazırda regional inkişaf problemlərinin tədqiqi ilə məşğul olan iqtisadçı həmkarları Sofiq Hüseynovun araşdırmalarını davam etdirərkən respublikadaxili iqtisadi rayonlarda əməktutumlu sahələrin inkişaf etdirilməsi fikrinə münasibət bildirməlidirlər. İqtisadi qloballaşmanın, liberal iqtisadiyyatın tələbləri baxımından rəqabətə dözümlü məhsullar istehsalını təmin etmək üçün texnoloji və elmtutumlu sahələrin inkişafı prioritet olmalıdır. Lakin bu şərtlə ki, işsizlik problemi tənzimlənmiş olsun.

S.Hüseynov intensivləşdirmə, sənaye istehsalının səmərəli strukturunun formalaşdırılması və onun daha da təkmilləşdirilməsi əsasında Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi konsepsiyasını işləyib hazırlamışdır. Bu, öz dövrü üçün olduqca aktual və zəhməttututumlu bir iş idi. Müəllifin 1987-ci ildə “Elm” nəşriyyatı tərəfindən çap olunan “Sənaye istehsalı strukturunun intensivləşdirilməsi şəraitində səmərəlilik” adlı fundamental monoqrafiyası, demək olar ki, bu məsələyə həsr olunmuşdur. Müəyyən ideoloji yükü, respublikada regional inkişafa həm də ittifaq maraqları baxımından yanaşılması kimi, o dövr üçün zəruri sayılan tələbləri kənara qoymaqla monoqrafiyanı qiymətləndirsək, belə nəticəyə gəlmək olar: bu əsər çağdaş Azərbaycan iqtisadi fikrinin inkişafını qiymətləndirmək, iqtisadi tariximizdən ibrət dərsi almaq, bir iqtisadçı alimin tədqiqat laboratoriyası ilə tanış olmaq baxımından əhəmiyyət kəsb edir. Ən başlıcası isə odur ki, Sofiq Hüseynovun bu əsəri neft iqtisadiyyatı ilə yanaşı, qeyri-neft sektorunun inkişafına tuşlanmış bir əsərdir. Burada iqtisadiyyatın qeyri-neft sektorunun regionlarda inkişaf imkanları və perspektivləri aşkarlanır. Bu mənada kitabdakı müddəalar Azərbaycan iqtisadiyatının bu günü və gələcəyini düşünənlər üçün maraq və diqqət dairəsindədir.

Məlumdur ki, XX əsrin 80-ci illərində Azərbaycanda neft hasilatının azalması digər ənənəvi sahələrin, o cümlədən maşınqayırmanın inkişaf etdirilməsi fikrini gündəliyə çıxardı. Lakin maşınqayırma yüksək ixtisaslı kadr (mürəkkəb əmək) və texnoloji yeniliklər tələb edən sahədir. Bu imkanları isə birdən-birə yaratmaq qeyri-mümkündür. Digər tədqiqatçı alimlərimiz kimi S.Hüseynov da mütərəqqi struktur dəyişikliklərinin bir şərti kimi respublikada maşınqayırmanın inkişaf etdirilməsi təklifini irəli sürürdü. Bu sahənin inkişafı üçün resurs potensialı problemini həll etməkdən ötrü Azərbaycanda maşınqayırmanın, o cümlədən neft maşınqayırma sahəsinin ittifaq təyinatlı sahələrin eksperimental bazasına çevrilməsini məqsədəuyğun hesab edirdi.

S.Hüseynovun tədqiqatlarında respublikanın sosial-inkişaf strategiyası və bundan irəli gələn sənayenin struktur dəyişiklikləri müəyyənləşdirilərkən bir çox spesifik amillərin nəzərə alınmasına diqqət yetirilir. Bu amillər sırasına respublikada əhalinin və əmək resurslarının nisbətən yüksək artım sürəti, təbii-iqlim şəraitinin və mineral-xammal ehtiyatlarının zənginliyi, respublikada istehsal və elmi potensialın mövcudluğu, torpaq, enerji, su resurslarının məhdudluğu; yüksək ixtisaslı kadrların çatışmaması aid edilir. Beləliklə, respublikada sənaye istehsalının artımına pozitiv və neqativ (müsbət və mənfi) təsir göstərən amillər müəyyənləşdirilir, onların nəzərə alınması tövsiyə edilir. Fikrimizcə, belə yanaşma iqtisadi inkişafın perspektivləri baxımından bu gün də aktualdır.

Sovet dövründə aparılan elmi tədqiqatların böyük əksəriyyəti üçün müasir ekonomiksin tələbləri baxımından heç də müsbət sayılmayan belə bir cəhət səciyyəvi idi ki, bu tədqiqatlar nəzəri və praktiki olaraq iki yerə ayrılırdı. Nəticədə nəzəri tədqiqatlar tətbiq baxımından nöqsanlı görünür və ehkamçılıq meylləri müşahidə edilir. Öz növbəsində tətbiqi xarakterli tədqiqatlar isə sanki özünün elmi-nəzəri bünövrəsindən təcrid edilmiş olurdu. İqtisadçı alim Sofiq Hüseynov iqtisadi tədqiqatlarında bu çatışmazlığı qabaqcadan dərk etmiş və sanki problemin nəzəri və praktik tərəflərini birlikdə öyrənmişdir. Onun sənaye qovşaqlarının yaradılmasına, sənayenin strukturunun təkmilləşdirilməsinə, iqtisadi islahatların həyata keçirilməsinə dair bütün əsərlərində nəzəri və praktik aspektlər bir-birini tamamlayır, öyrənilən hər bir iqtisadi məsələnin mükəmməl metodologiyası müəyyənləşdirilməklə bərabər tədqiqat nəticələri tətbiq etmək üçün tam hazır səviyyəyə çatdırılır.

Nəzəri və praktiki aspektlərin birləşdirildiyi bu tədqiqatlarda fikrin ümumidən xüsusiyə doğru hərəkəti müşahidə edilir. Azərbaycanda, onun regionlarında sənayenin strukturunun təkmilləşdirilməsi məsələsi təcrid olunmuş bir şəkildə götürülmür. Problem ümumiləşdirilir, ittifaq və hətta dünya miqyasında gedən iqtisadi proseslər prizmasında öyrənilir.

Qeyd edək ki, S.Hüseynovun analitik ümumiləşdirmələri müttəfiq respublikanın və respublikadaaxili iqtisadi rayonların sənaye istehsalının formalaşması və inkişafı qanunauyğunluqlarını müəyyən etməyə imkan vermişdir ki, bu da regional iqtisadiyyat üzrə iqtisad elmində o dövrdə ittifaq miqyasında çox cürətli və sanballı fikir hesab olunurdu.

İlk baxışda çox ümumi görünən bu nəzəri postulatları bu gün yeni düşüncə və dünyagörüşü baxımından qiymətləndirsək qeyd-şərtsiz belə nəticəyə gəlmək olar: iqtisadçı alimin keçən əsrin 80-ci illərində irəli sürdüyü fikirlər əslində bugünkü müstəqilliyimizə xidmət etmişdir.

Sofiq Hüseynov iki iqtisadi sistem, iki müxtəlif paradiqma, düşüncə tərzinin, ideologiyanın, iqtisadi modelin mövcud olduğu, transformasiya dəyişikliklərinin baş verdiyi bir dövrdə yaşamış və tədqiqatlar aparmışdır. Onun cəmiyyətə tez adaptasiya etdiyinin şahidi olmuşuq. Bu, alimin konservativ deyil, daha çox radikal mövqedə dayandığından xəbər verir. Lakin elə məsələlər vardır ki, alimin dünyagörüşündə onları dəyişməyə heç ehtiyac olmamışdır. Bu məsələlərdən biri yuxarıda qeyd etdiyimiz kimi onun öz tədqiqatları ilə müstəqilliyimizə xidmət etməsidir. İqtisadi tədqiqatlarında ölçü dediyimiz meyarın həmişə nəzərə alınması da S.Hüseynovun araşdırmalarını indiki tədqiqatlardan ayırmır. Müxtəlif səviyyələrdə sənaye istehsalının quruluşunun müəyyənləşdirilməsinin əsas metodları haqqında yazdıqlarına nəzər yetirdikdə məlum olur ki, o öyrəndiyi iqtisadi hadisələri ancaq keyfiyyətcə deyil, həm də kəmiyyətcə qiymətləndirməyi bacarıb, iqtisadi-riyazi üsullarla sənaye istehsalının quruluşunun səmərəliliyini hesablayıb. Bu sahədə o zaman mövcud olan müxtəlif fikirlərə münasibət bildirərək belə nəticəyə gəlib ki, milli gəlir, xalis məhsul, son məhsul, əmtəəlik məhsul və s. kimi göstəricilər ayrı-ayrılıqda sənaye istehsalının quruluşunun səmərəliliyini müəyyən etmək üçün kifayət deyildir. Bunun üçün göstəricilər sistemindən istifadə edilməlidir, müxtəlif resurslar vahid ölçüyə gətirilməlidir. Daha çox konkretliyə varmadan qeyd edək ki, S.Hüseynov tədqiqatlarında müxtəlif səviyyələr üçün (iqtisadi rayonlardaxili, sahədaxili, respublikadaxili, respublika səviyyəsində) artıq formalaşmış sənaye quruluşunun səmərəliliyini müəyyənləşdirmənin meyarlarını, formullarını təklif edir, konkret hesablamalar aparırdı. Bunlar Azərbaycan iqtisadi ədəbiyyatında riyaziyyatın iqtisadiyyata tətbiqi sahəsində müəyyən nümunələr hesab edilə bilər, dünya iqtisadi fikrində baş verən müasir meyllər (xüsusən riyaziləşmə meyli) baxımından maraqlıdır.

1990-cı illərdə cəmiyyətin həyatında baş verən köklü dəyişikliklər yeni iqtisadiyyatqurma problemini gündəliyə gətirdi. Bu, olduqca mürəkkəb və çoxaspektli bir məsələ idi. İqtisadiyyatın düçar olduğu dərin tənəzzül təhlil olunmalı, onun konkret səbəbləri göstərilməli, iqtisadi inkişaf strategiyası müəyyənləşdirilməli idi. Köhnə ideologiyadan – marksizimdən imtina olunmalı, şəxsi təşəbbüs hissini gücləndirən xüsusi mülkiyyət təsisatı formalaşmalı idi. Bütün bunlar iqtisadçı alimlərimizi ilk illərdə tərəddüdlər məngənəsində saxlamışdır. Dərin elmi-tədqiqatlar aparmaq üçün real əsaslar, düşüncə tərzi sanki çatışmırdı, iqtisadi publisistika üstünlük təşkil edirdi. Belə bir şəraitdə öz elmi mövqeyini ortaya qoyan, daha radikal və cəsarətli fikirləri ilə seçilən alimlərimizdən biri də S.Hüseynov oldu. Onun 50-dən çox elmi əsəri Azərbaycanın yeni iqtisadi sistemə – bazar iqtisadiyyatına keçid problemlərinə həsr olunmuşdur. Bu əsərlərdə müasir bazar iqtisadiyyatının ən aktual problemlərinə müəllifin özünəməxsus münasibəti əksini tapmışdır.

S.Hüseynovun elmi maraq dairəsində olan problemlərə bunlar aid idi: tənzimlənən bazar iqtisadiyyatına keçid; əmlakın dövlətsizləşdirilməsi; bazara keçid şəraitində planlaşdırma; şəhərlərin inkişafının dövlət tənzimlənməsi; Azərbaycanın iqtisadi əlaqələrinin təkmilləşdirilməsi; Türkiyə təcrübəsindən istifadə; regional siyasət və milli münasibətlərin tənzimlənməsi; iqtisadi sistemin transformasiyasının Azərbaycan yolu; inhisarsızlaşdırma; Azərbaycan iqtisadiyyatında böhranı şərtləndirən əsas amillər və onların aradan qaldırılması; iqtisadi transformasiyanın hüquqi əsasları; xarici investorların cəlb olunması; əmlakın qiymətləndirilməsi; XXI əsrdə Azərbaycanın iqtisadi inkişaf strategiyası və s.

Müasir Qərb iqtisad elminin formalaşdırdığı yeni təfəkkürün tələbləri baxımından yanaşdıqda S.Hüseynovun bu məsələlərdə reformator mövqeyi üzə çıxır. O, köhnə təfəkkür tərzindən asanlıqla azad ola bilən iqtisadçılardan idi. Bu, alimin qərb iqtisadçıları, iqtisad elminin müasir məktəb və istiqamətləri haqqında kifayət qədər informasiyalı olması ilə izah oluna bilər.

S.Hüseynov keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan iqtisadiyyatının düşdüyü ağır vəziyyəti təhlil edərək böhranı şərtləndirən amilləri və onların aradan qaldırılmasının konkret yollarını müəyyən edir. Onun tədqiqatları göstərir:

inflyasiyanın süni azaldılması deyil, iqtisadiyyatın maliyyə sağlamlaşdırılması təmin olunmalıdır;

inflyasiya qorxusu səbəbindən investisiya fəallığını azaltmaq yox, investisiya resurslarını artırmaq və onlardan istehsalın inkişafı üçün maksimum səmərəli istifadə etmək lazımdır;

liberal iqtisadiyyat, iqtisadi sərbəstlik heç də güclü dövlətçiliyin inkarı kimi anlaşılmamalıdır. Dövlət tərəfindən hər cür süstlük və biganəlik ciddi mənfi nəticələr verə bilər. Ümummilli ehtiyac, tələbatdan doğan məhsullar üçün dövlət tapşırığı tətbiq olunmaqla normal sosial mühit təmin olunmalıdır;

qiymətlər sisteminin dövlət tərəfindən çevik surətdə tənzimlənməsi iqtisadiyyatın inkişafı və stabilliyinin mühüm şərtidir;

vergi yükü tədricən müəssisələrdən, istehsalçılardan fiziki şəxslərin əmlakı üzərinə keçirilməlidir. Alimin bu iqtisadi mülahizələri müasir iqtisadi fikir baxımından qiymətli və təqdirəlayiqdir.

Professor S.Hüseynovun elmi maraq dairəsi geniş idi. O, regional iqtisadiyyat problemlərinin nəzəriyyə və praktikasını dərindən bilməklə bərabər, yaşadığı dövrün ən aktual iqtisadi problemləri, onların həlli barədə dərin və düşündürücü fikirlər irəli sürmək iqtidarında idi. Onun həm İqtisadi İslahatlar Mərkəzinin direktoru olduğu illərdə, həm də Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri olduğu zaman iqtisadi inkişafın perspektivləri, makroiqtisadi problemlər, o cümlədən inflyasiya, investisiya, işsizlik, sərbəst iqtisadi zonalar, qiymətlərin tənzimlənməsi, özəlləşdirmə, böhrandan çıxış barədə çoxlu məqalələri, müsahibələri, konfranslarda çıxışları çap olunmuşdur. Bu yazılardakı yeniliyi, orijinallığı müşahidə etmək çətin deyildi.

Müəyyən iqtisadi ideyaların müəllifi olmaq hələ işin başlanğıcı sayılır. Bu ideyaları hərəkətə gətirmək, cəmiyyətdə, ölkə iqtisadiyyatında onlardan faydalanmaq daha mürəkkəb məsələdir və çox zaman iqtisadçı alimlərin fəaliyyət dairəsi xaricində olur. Bu mənada S.Hüseynova fərqli bir həyat nəsib olub. O, hökumətin iqtisadi siyasətini işləyib hazırlayan bir tədqiqat mərkəzinin rəhbəri, sonra isə parlament üzvü, iqtisadi siyasət daimi komissiyasının sədri olmaqla fikir və mülahizələrini, təkliflərini kifayət qədər reallaşdırmaq imkanları əldə etmişdir. Xüsusən 90-cı illərin əvvəllərində ölkədə mövcud olan iqtisadi böhranın səbəb və nəticələrinin alim tərəfindən tədqiqi, böhranın aradan qaldırması üçün onun konkret təklifləri maraq doğurmuş və praktiki əhəmiyyət kəsb etmişdir. Bu mənada S.Hüseynov “faydalı elmlə” məşğul olan alimlərdən olmuşdur. Faydalı elm anlayışı mübahisə doğura bilər. Çünki əslində elm faydasız ola bilməz. Lakin məsələ ondadır ki, sovet dövründə iqtisad elmində bir ehkamçılıq höküm sürürdü. Xüsusən nəzəri iqtisadda bəzən nəzəriyyə naminə nəzəriyyə yaradılırdı. İqtisadçı alim S.Hüseynov isə elmi yaradıcılığının ilk günlərindən elə bir mövzuya müraciət etmişdir ki, onun tədqiqatları həm o dövr üçün həm də indiki dövr üçün tətbiqi xarakter daşıyır. Burada Həzrəti Peyğəmbərimizin belə bir kəlamını yada salmaq yerinə düşür: "Elmindən fayda gələn alim min abiddən üstündür".

İnsanı səciyyələndirən mühüm bir əlamət onun öyrənən və öyrədən olmasıdır. Bu cür insanlar artıq özünü dərk edən insanlardır. Dinimizdə onların qisməti möminlikdir. S.Hüseynov qısa həyatında çox şeyə nail olmuşdur. O, elmi, həyatı kifayət qədər öyrənmişdi. Azərbaycan iqtisadçılarının ağsaqqalı, hamımızın, o cümlədən Sofiq müəllimin sevimli müəllimi, elmi rəhbəri, akademik Asəf Nadirov sanki bütün insani keyfiyyətlərini Sofiqə miras olaraq ötürmüşdür. Bunlar yüksək ziyalılıq, məsuliyyət, xeyirxahlıq, tələbkarlıq, çalışqanlıq, dəqiqlik, bir sözlə, insanlıq və alimlik xislətləridir. Azərbaycanda regional iqtisadiyyat elmi məktəbinin banisi Asəf Nadirov hələ aspirantura dövründən öz tələbəsi barədə yüksək fikirdə idi. Sofiq Hüseynov Asəf müəllimin, digər müəllimlərinin ümidlərini tamamilə doğrultmuşdu. Həyatdan vaxtsız getmiş dostumuz Sofiq Hüseynov haqqında Asəf müəllimin öz xatirələrini “Unudulmaz Sofiq” adlandırmasında və buradakı “O, Azərbaycan iqtisadiyyatının inkişafına qısa ömründə çox böyük töhfələr verdi” kəlməsində nisgili, kədəri azaldan böyük bir təsəlli vardır.

S.Hüseynov özündən sonra təkcə böyük bir elmi irs qoyub getməmişdir. Onun işini davam etdirən çoxlu tələbələri və ardıcılları vardır. Bir ardıcılı da öz ailəsində yetişmiş, artıq elmdə sözü olan oğlu, iqtisad elmləri namizədi Elxan Hüseynovdur. Qızı Ngar xanım isə istedadlı həkim, xeyirxah insan kimi cəmiyyətdə böyük nüfuz qazanmışdır.

Sofiq Hüseynov öz zəhməti sayəsində yüksəlmiş, böyük hörmət və ehtiram sahibi olmuşdur. Onu peşəkar iqtisadçı kimi qiymətləndirmək azdır. O, dostluqda, insanlara münasibətində, ailə və həyat məsələlərində də sadəliyi, səmimiliyi, xeyirxahlığı, ədalətliliyi sayəsində hamının – ailəsinin, el-obasının, həmkarlarının, deputat yoldaşlarının, seçicilərinin istəklisinə çevrilmişdi.

Keçən əsrin 70-ci illəri elmdə intibah dövrü idi. Aspirantlar arasında tez müdafiə etmək, elmi ad almaq, məqalələr yazmaq, kitab çıxarmaq uğrunda sağlam bir rəqabət gedirdi. S.Hüseynov bu elm yarışmasında seçilənlərdən idi. O, hamıdan tez müdafiə etdi, tez elmi ad aldı və gənc yaşlarından böyük Elmi-Tədqiqat İnstitutunun rəhbəri təyin olundu. Bütün bunlarla yanaşı, xalq elçisi seçildi, parlamentdə vəzifə tutdu. Həyatdakı uğurları bir dost, məsləkdaş, həmkar, sadə bir yoldaş kimi onu dəyişmədi. Zənnimcə, müdriklik sözü elə burada yerinə düşür. Bu sözü xəsislik etmədən Sofiq Hüseynova aid etmək olar. Onu yaxından və uzaqdan tanıyanlar bu fikirlə tam razılaşarlar. O, cavan, lakin müdrik insan idi.

30 ildən çox bir dövr ərzində tanıdığım, tələbə yoldaşı olduğum, dostluq etdiyim və bir yerdə işlədiyim, həmkar kimi çoxlu fikir mübadiləsi etdiyim dostum S.Hüseynov haqqında ölüm kəliməsini işlətmək məntiqsiz görünür. Qoy ölüm sevinməsin. Çünki "Ömrünü elmə sərf edən adam heç vaxt ölmür".

S.Hüseynov Azərbaycanın gözəl guşələrindən biri olan Zəngilandan pərvazlanıb elm ardınca Bakıya gəldi. Sonra isə Moskvaya getdi. Bu yolda asan heç nə olmadı. O, bunu hər addımında hiss edirdi. İnadı, prinsipiallığı, zəhməti ilə çətinliklərə dözərək yolunu davam etdi. O dərk edirdi ki, əsl həyat yolu elə budur. Həzrət Peyğəmbərimiz dediyi kimi, “Elmi axtarmaq xatirinə evini tərk edən Adam Allaha sarı yol gedər”. S.Hüseynov əsl elm adamı kimi, heç bir maddiyyət düşünmədən öz həyatını elmə bağlamaqla behiştin yolunu hamarlayan oldu.

Allah ona rəhmət eləsin, qəbri nurla dolsun!

 

Xosrov KƏRİMOV